Faiq Rəcəbov vəfat etdi

İDMAN
17:19 / 04.01.2025
187
Azərbaycan Gimnastika Federasiyasının (AGF) sabiq prezidenti və Milli Olimpiya Komitəsinin keçmiş baş katibi Faiq Rəcəbov vəfat edib.
 
HİT.az xəbər verir ki, uzun illər Azərbaycan idmanının inkişafında böyük xidmətləri olan veteran gimnast 91 yaşında dünyasını dəyişib.
 
1933-cü il fevralın 19-da Bakı şəhərində anadan olan keçmiş federasiya rəhbəri idmana uşaq yaşlarından maraq göstərib. O, erkən yaşlarında gimnastikada uğur qazanmağa başlayıb. Yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin, o cümlədən tələbələr arasında keçirilən spartakiadaların çempionu olan SSRİ idman ustası, Azərbaycanın yığma komandasının üzvü kimi, SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadasının iştirakçısı olub.
 
F. Rəcəbov uzun illər ictimai işlərdə də çalışıb. O, 1980-1990-cı illərdə AGF prezidenti, 1994-1997-ci illərdə Azərbaycanın Milli Olimpiya Komitəsinin baş katibi və Avropa Komitəsinin Texniki Komissiyasının üzvü olub.
 
Faiq Rəcəbov 2022-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman xadimi fəxri adı ilə təltif edilib.
 
Qeyd edək ki, Faiq Rəcəbov Azərbaycanın və dünyanın tanınmış şahmatçısı, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbovun babasıdır.
 
0