"Ole-Qunnar Sulşerin "Beşiktaş"dakı işinin çox çətin olacağı görünür".
Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Türkiyədə klub çalışdırmaq olduqca mürəkkəb bir prosesdir:
"Nəzərə almaq lazımdır ki, Türkiyədə işləyib, qovulduqdan sonra da uğur qazanan adlı-sanlı məşqçilərin sayı həddindən artıq çoxdur. Lakin onlar, qardaş ölkədə çalışdıqları dönəmdə bir çox çətinliklə üzləşirlər. Azarkeşlərin etirazları və rəhbərliklə bağlı yaşanan problemlər onların işlərinə əngəl olur".
Ekspert əlavə edib ki, zaman-zaman futbolçuların transferində belə prosesə müdaxilə halları baş verir:
"Xüsusilə, "Beşiktaş"da son zamanlarda belə hallar çox yaşanır. Ona görə hesab edirəm ki, Ole-Qunnar Sulşerin "Beşiktaş"dakı işi çox çətin olacaq. Hətta daxili çempionatda uğursuz çıxış etdikcə, azarkeşlər etirazı bir qədər də çoxalacaq".
Aslan Kərimov vurğulayıb ki, Türkiyədə azarkeşlər olduqca səbirsiz davranırlar:
"Düşünürəm ki, Ole-Qunnar Sulşer üçün komandanı formalaşdırmaq asan olmayacaq. Çünki Türkiyədə azarkeşlər məşqçilərə öz işlərini ortaya qoya bilmələri üçün zaman vermirlər. Birinci məğlubiyyətdən sonra etirazlara başlayırlar və bu sona qədər davam edir. Bütün bunların fonunda "Beşiktaş"ın yeni baş məşqçisinin uğur qazanması olduqca çətin olacaq".
Pərviz