"Düşünürəm ki, "Qarabağ"ın bu mövsüm Avropa Liqasının liqa mərhələsinin sonuncu sırasında qərarlaşması komandadakı çatışmazlıqlarla bağlı idi".
Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bunun bir çox səbəbi var:
"Yəni "Qarabağ"ın dişinə görə olan rəqibləri məğlub edə bilməməsinin səbəbi birdən çoxdur. Əvvəla, bu il Ağdam klubunda zədəli futbolçuların sayı nisbətən çox idi. Məşqçilər heyəti də bəzi oyunlarda rotasiya etmək imkanının az olduğunu qeyd edirdi. Həqiqətən də zədəlilərin sayının çox olması hansısa oyunda istənilən dəyişiklikləri etməyə və başqa strategiyaya əl atmağa belə imkan vermirdi".
Ekspert qeyd edib ki, "Qarabağ"ın hücumameyilli futbolçuları da ötən mövsüm daha aktiv idilər:
"Hətta müdafiə də belə komandaya daha çox kömək edirdilər. Top rəqibə keçdiyi zaman da öndə pressinq tətbiq edirdilər. Amma cari mövsümdə bunu o qədər də tez-tez görə bilmədik. Xüsusən də Juninyonun oyununda geriləmə hiss olunurdu. Eyni zamanda, komandanın standart vəziyyətlərdə də bəzi çatışmazlıqlarının olduğu özünü göstərdi. Buna görə də çox sayda qol buraxdılar".
Mütəxəssisin sözlərinə görə, Avropa Liqasının yeni formatında "Qarabağ"dakı boşluqları daha aydın göründü:
"Əvvəlki formatda maksimum 1 və ya 2 çətin oyun olurdu. Məsələn, keçən il Avropa Liqasında "Bayer Leverkusen" və "Braqa"dan başqa komandalar "Qarabağ"a o qədər də böyük təzyiq göstərə bilmirdi. Hətta həmin rəqiblər buraxılan səhvlərdən yararlanmağı bacarmırdılar. Yəni "Qarabağ"da keçən il də boşluqlar var idi, sadəcə onları görmək olmurdu. Çünki rəqiblər o boşluqlardan istifadə edə bilmirdilər.
Bu mövsüm isə həmin boşluqlar açıq-aşkar ortaya çıxdı. Yeni formatda qarşılaşdığı rəqiblər "Qarabağ"dan zəif deyildi və boşluqlardan yararlanıb qol vura bildilər. Komandamız isə yaratdığı epizodları qola çevirə bilmədi. Bütün bu səbəblərə görə "Qarabağ" bu il Avropada effektli çıxış etmədi. Lakin mən bunu uğursuzluq hesab etmirəm. Çünki istənilən il komanda üçün uğura getmək üçün bir yoldur".
Pərviz