Bu həftəsonu İngiltərə Premyer Liqasında mövsümün ən önəmli maçlarından biri keçiriləcək.
Belə ki, 23 fevralda "Mançester Siti" doğma meydanda əzəli rəqibi "Liverpul" ilə qarşılaşacaq. İngiltərə derbisi Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Maraqlıdır, hansı komanda qələbəyə daha yaxındır? Daha dəqiq desək, favorit kimdir?
Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, sözügedən qarşılaşma son zamanların ən maraqlı derbilərindən biri olacaq:
"Nəzərə almaq lazımdır ki, "Mançester Siti" son 5 ildir Premyer Liqada çox ciddi dominantlıq edir. "Liverpul" isə İngiltərə çempionatını ən populyar edən 2 komandasından biridir. Üstəlik, onlar da son illərə damğa vuran klubların başında gəlirlər. Yəni bizi olduqca maraqlı oyun gözləyir".
Ekspertin proqnozuna görə, "Liverpul" qələbə qazanmağa daha yaxındır:
"Düşünürəm ki, oyunun favoriti "Liverpul"dur. Sadəcə olaraq, "Mançester Siti"nin ev sahibi olması şansları bir az bərabərləşdirir. Bəlkə ona görə oyun bərabərə də qala bilər. Çünki "Liverpul"a 1 xal belə sərf edir. Lakin fikrimcə, "Liverpul" təxminən 55-45 faiz nisbəti ilə qələbə daha yaxın tərəfdir".
Aslan Kərimov onu da qeyd edib ki, "Mançester Siti"nin baş məşqçi Pep Qvardiolanun fəlsəfəsi ilk başlarda müəyyən suallar doğururdu:
"Lakin onun oyunçulara bağlı etdiyi bəzi eksperimentlər rəqib komandaları çaşqın vəziyyətə salırdı. İndiki "Mançester Siti" heyətinin isə keyfiyyəti aşağıdır. Ona görə də istədiklərini reallaşdıra bilmir. Ümumiyyətlə, Qvardiolanın çalışdırdığı bütün komandaları tiki-taka oyunu oynayan, topa daha çox sahib olan kollektivlər idi".
Həmsöhbətimiz diqqətə çatdırıb ki, belə oyun nümayiş etdirmək üçün heyətdəki futbolçuların keyfiyyəti kifayət qədər yüksək olmalıdır:
"Onlar, az top itkisinə yol verməlidirlər. Çünki rəqib komandanın hər əks hücumu komandanın demək olar ki 70 metr geri qayıtması deməkdir. Matç ərzində 2-3 dəfə belə etməyə isə futbolçular yorulacaqları üçün fiziki cəhətdən çatdıra bilmirlər. Məsələn, Qvardiola "Barselona" və "Bavariya"da buna uyğun heyət formalaşdırdığı üçün uğurlu oldu. Lakin "Mançester Siti" bu sistemə uyğun transferlər edilməyib. Bu səbəbdən də orada istədiyi futbolu nümayiş etdirə bilmir".
Aslan Kərimov hesab edir ki, "Mançester Siti" böyük hesabla belə "Liverpul"a məğlub olsa, Qvardiolanı istefaya göndərmək düzgün olmaz:
"Məncə, nəticə nə olur-olsun, Qvardiola istefa verməyəcək. Klubun da onu göndərmək istəyəcəyi inandırıcı deyil. Üstəlik, Qvardiolanın maaşı da az deyil, onu istefaya göndərmək üçün böyük təzminat verilə bilər. Ən azından bundan ehtiyat edərlər. Ümumiyyətlə, indiki şəraitdə Pep Qvardiolanı istefaya göndərməyin heç bir mənası yoxdur. Uğursuz gedişat davam etsə, bəlkə mövsüm sonunda yollar ayrıla bilər".
Pərviz