"Qarabağ" nə üçün Juninyonun yerini doldura bilmədi? - RƏY

İDMAN
14:18 / 10.03.2025
54

Azarkeşlərin "Qarabağ"ın Juninyonu satmasından sonra yaranan narazılıqları davam edir. 

Onlar, komandanın Juninyonun yerini doldura bilməməsindən və ondan gələn pulun düzgün qiymətləndirilmədiyindən şikayət edirlər. Bəs "Qarabağ" nə üçün Juninyonun yerini lazımi səviyyədə doldura bilmədi?

Mövzu ilə bağlı tanınmış idman jurnalisti Natiq Muxtarlı Hit.az-a açıqlamasında xatırladıb ki, "Qarabağ" Juninyonu qışda satdı:

"Qışda isə Avropa bazarında yaxşı futbolçu, xüsusən də hücumçu tapmaq çətindir. Yəni qış transfer pəncərəsində Juninyo səviyyəsində hansısa futbolçunu tapıb "Qarabağ"a gətirmək asan məsələ deyildi. Həmin dönəmdə ya heyətə düşməyən, ya da azad agent statusunda futbolçular satışda olur. Təbii ki, onlar da Juninyo səviyyəsində deyildilər. Qurban Qurbanovun dəfələrlə vurğuladığı kimi komandanın oyun sisteminə uyğun gələn futbolçu transfer ediləcək. Hərçənd ki, qışda belə bir futbolçu tapmaq müşkül məsələdir".

369112

Ekspertin fikrincə, Qurban Qurbanov o səviyyədə və komandasına uyğun gələn futbolçu tapmadığı üçün qışda Juninyonun mövqeyinə transfer etmədilər:

"O boşluq görünür, ancaq axtarışlar davam edir. Yəqin ki, yay transfer dönəmində bu məsələni həll edəcəklər. Lakin yeni alınacaq futbolçunun Juninyo səviyyəsində olacağını güman etmirəm. Hətta braziliyalı forvard Ağdam klubuna gələndə də hamı onu ciddi transfer kimi qəbul etmirdi. Üstəlik, ondan narazılıq edirdilər. 

Lakin Qurban Qurbanov Juninyonun potensialına bələd olduğu üçün ona şans verdi və nəticə ortadadır. Böyük ehtimalla, yenə də bənzər proseslər olacaq. Çünki heç bir klub hazır futbolçunu əlindən buraxmaq istəmir. Keyfiyyətli futbolçunun qiyməti də çox baha olur". 

Natiq Muxtarlının sözlərinə görə, "Qarabağ" yenə də potensialı olan, amma müəyyən səbəblərdən özünü doğrulda bilməyən futbolçu transfer edib, onu inkişaf etdirə bilər:

"Onsuz da transferlərin əksəriyyəti belə olub. Onlar öz komandalarında lider olmayıblar, "Qarabağ"a gəldikdən sonra inkişaf ediblər. Juninyo, Kadi, Reynaldo kimi nümunələr göstərmək olar. Yayda da mütləq belə bir transfer ediləcək. 

Əslində, təkcə hücum deyil, digər mövqelərdə də komandaya transferlər lazım olacaq. Düşünürəm ki, azarkeşlərin narahatlığı əbəs deyil. Onlar da komandalarının güclü olmasını və avrokuboklar mövsümünə hazırlıqlı başlamasını istəyirlər. Lakin qış transfer pəncərəsində Azərbaycan kimi ölkələrə səviyyəli futbolçu tapmaq çətindir. Bunu etiraf etməliyik".

Pərviz

0