Bu dəfə də yığma komandalar aradında möhtəşəm oyun keçiriləcək.
Belə ki, UEFA Millətlər Liqasının 1/4 final mərhələsində İtaliya ilə Almaniya qarşı-qarşıya gələcək. Sözügedən matç sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Maraqlıdır, səbirsizliklə gözlənilən matçda hansı milli qələbəyə daha yaxın tərəfdir? Oyundan gözləntilər nələrdir?
Bununla bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, Almaniya və İtaliya neçə illər boyu reytinq baxımından bir-birinə yaxın millilər olublar:
"Bu iki komanda arasında olan oyunlar hər zaman çox gərgin keçib. Tərəflərin hər ikisinin baş məşqçisinin özlərinə xas oyun üslubları var. Lakin Almaniyanın oyun üslubu da bəllidir. Belə ki, almanlar hər zaman topa sahib olmağa oyun fəlsəfəsi kimi baxırlar. Düşünürəm ki, bu oyunda almanlar dominantlıq etməyə çalışacaqlar".
Ekspert İtaliya millisi barədə isə bunları deyib:
"İtaliyanın baş məşqçisi Luçano Spaletti yüksək pressinq və aqressiv oyuna üstünlük verir. Eyni zamanda, bir az da müdafiəyə meyilli oyun nümayiş etdirmək həm İtaliyaya, həm də Spalettiyə xas olan xarakterdir. Düzdür, iki baş məşqçi arasında böyük fərq var. Almaniyanın baş məşqçisi Yulian Nagelsman isə uğurlar qazansa da, hələ gəncdir. Lakin Spaletti daha təcrübəli məşqçidir".
Mütəxəssisin sözlərinə görə, sözügedən matçda İtaliya qələbəyə daha yaxın tərəfdir:
"Düzdür, oyunda bərabərlik ehtimalı yüksəkdir. Lakin italyanların doğma azarkeşləri qarşısında oynamaları onları bir qədər öndə göstərə bilər. Həmçinin, Almaniya millisinin oyunçu keyfiyyəti də bir qədər aşağı düşüb.
Bu faktorlar da İtaliyanı önplana çəkir. Ona görə də İtaliyanın qələbəyə daha yaxın tərəf olduğunu düşünürəm. Bundan başqa, hər iki komandanın qol vuracağına əminəm. Çünki müdafiədə möhtəşəm oynamaq çətin olacaq".
Pərviz