AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Kazbek Tuayev Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşa və azarkeşlərə müraciət edib.
84 yaşlı keçmiş hücumçu portuqaliyalı mütəxəssisə və fanatlara Teleqraf vasitəsilə üz tutub.
Ötənlərin məşhur azərbaycanlı futbolçusu Azərbaycan futbolunu aşağılamamağa dair çağırış edib: "Hörmətli və sadiq azarkeşlər! Əvvəla, hesab edirəm ki, dünənki, bu gün və sabahkı gözəl Azərbaycan futbolunu incitmək və təhqir etmək yolverilməzdir. Bu, qətiyyən düzgün deyil. Baxın, bizim bugünkü məşqçilərimizə, baxın bizim bugünkü çempionata. Hazırda çempionatımız keyfiyyət, oyun və keçirilməsi baxımından Ermənistan, Gürcüstan, Belarus, Estoniya, Latviya və Litva liqalarından kifayət qədər yüksək səviyyədədir. Necə demək olar ki, futbolumuz zəifdir? Fikrimcə, bu, yolverilməzdir. Dahi futbolçu və məşqçi Ələkbər Məmmədov keçmiş SSRİ yığmasının tərkibinə daxil edilən əla futbolçu nəsli yaratmışdı. Vəli Qasımov, Nazim Süleymanov, Arif Əsədov, Yunis Hüseynov, Vidadi Rzayev kimi insanlar futbolumuzu qaldırırlar. Onlar futbolumuzdan gözəl və normal futbolçular hazırlayırlar. Bundan hətta söhbət gedə bilməz".
Tuayevin fikrincə, Azərbaycan Premyer Liqası hazırda keçmiş SSRİ məkanında aparıcı çempionatlardandır: "Baxın çempionatımıza, görün, turdan-tura necə oyunlar keçir. Mən futbolumuza baxanda böyük zövq alıram".
"Buna görə də milli komandanın hörmətli baş məşqçisinə təklif edirəm ki, o, istedadlı məşqçilərimiz və gözəl futbolçularımızın köməyilə döyüşkən kollektiv yarada bilmirsə, hər şey sadəcədir: Ərizə yazın və gəldiyiniz ölkəyə - Türkiyəyə qayıdın. Yeri gəlmişkən, orada da özünüzü normal göstərə bilməmişdiniz. Buna görə də ən gözəl və xoş arzular diləyirəm", - deyə o vurğulayıb.
Qeyd edək ki, Kazbek Tuayev 1995 - 1997 və 2002-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi olub.