"İnter"in uğurunun əsas sirri nədir? - RƏY

İDMAN
11:54 / 16.05.2025
48

"İtaliyanın "İnter" klubu zaman-zaman Avropa arenasında uğurlu çıxışı ilə diqqət çəkir". 

Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib. 

O xatırladıb ki, Joze Mourinyonun dönəmində "İnter"in Çempionlar Liqasının qalibi olması da buna bir nümunədir:

"Yəni "İnter" köklü komandalardan biridir. Doğru transferlər etdikləri və yaxşı baş məşqçiləri olduğu halda tarixi uğurlara nail ola bilirlər. Düzdür, istər İtaliyada, istərsə də Çempionlar Liqasında hər oyuna favorit kimi çıxmırlar. Lakin gözlənilməz matçlarda belə qələbə qazanırlar".

373586

Ekspert diqqətə çatdırıb ki, əslində "İnter" Çempionlar Liqasının liqa mərhələsindən sonrakı turlarda qarşılaşdığı komandaların hansısa biri ilə matçda favorit deyildi:

"Elə "Barselona" ilə matç buna gözəl nümunədir. Həmin matçda ispan təmsilçisi qələbəyə daha yaxın idi. Lakin matçın gedişatı və "İnter"in oyunu italiyan klubunun qalib gələ biləcəyini göstərirdi.

Bu mövsüm "İnter"in balanslaşdırılmış heyəti var. Dominant oynayan komandalara qarşı qalib gəlmək üçün yaxşı strategiya ortaya qoyurlar. Çempionlar Liqasında ən təhlükəli rəqibləri "Barselona" idi. Lakin kompakt müdafiə olunaraq və hücuma sürətli şəkildə çıxaraq matçları qazandılar və finala yüksəldilər". 

Mütəxəssis bildirib ki, "İnter"in heyəti və baş məşqçisi çox güclüdür:

"Əslində, onların Çempionlar Liqasında 100 faiz dominantlıq etdikləri oyun olmayıb. Buna baxmayaraq, yaxşı müdafiə olunurlar və topu ələ keçirdikdə üzərində işlənilmiş gedişlərlə sonluğa gedib çata bilirlər. Üstəlik, komandanın futbolçu keyfiyyəti də buna imkan verir. 

"İnter"in Simone İnzagi kimi bir lideri olduğunu da xüsusi vurğulamaq lazımdır. O, emosional olsa da, intellekt baxımından çox yüksək səviyyədə məşqçidir".

Aslan Kərimov onu da qeyd edib ki, "İnter" italiyan əzmkarlığı ilə müdafiə və hücumu bir araya gətirə bilməyi bacarır:

"Məlumdur ki, çempion olmağın düsturu yoxdur. Bəzən xırda hadisələrdən çempionluq ortaya çıxa bilir. Bir çox hallarda isə bəxt amili mühüm rol oynayır. Məsələn, "İnter"in "Barselona"nı keçəndə bəxti gətirdi. Komanda Çempionlar Liqasında hücum və müdafiəni balanslı şəkildə qura bilir. Bu da "İnter"in cari mövsümdəki uğurunun əsas sirridir".

Pərviz

0