Azərbaycan Premyer Liqasında iştirak edən 10 klubun 2024-cü il üzrə büdcəsi açıqlanıb.
Bizim.Media xəbər verir ki, çempion “Qarabağ” ən yüksək büdcəyə sahib komandadır.
Premyer Liqada qızıl medalları qazanan, ölkə kubokunda finala yüksələn “atlılar”ın büdcəsi 34 milyon 753 min manat olub. Klub büdcəsinə uyğun ölkə futbolunda layiqli yerini tutur.
Büdcələrdə maraqlı məqam autsayder “Səbail”lə bağlıdır. Bayıl təmsilçisinin ötən il üzrə büdcəsi 7 milyon 799 min manat olub. Premyer Liqada sonuncu sırada qərarlaşan və elitanı tərk edəcək klub büdcə sıralamasında 6-cı yerdə qərarlaşıb.
“Neftçi” isə ən çox büdcəsi olan 2-ci komandadır. “Ağ-qaralar” 28 milyon 250 min manatlıq maliyyə qarşılığında mövsümü 6-cı sırada bitirib.
Premyer Liqanın gümüş medalçısı “Zirə” 10 milyonluq büdcə ilə 4-cü, Konfrans Liqasına vəsiqə qazanan “Araz-Naxçıvan” isə 6 milyonluq büdcə ilə 7-ci pillədə qərarlaşıb.
Çempionatın ən yüksək büdcəsi olan üçüncü komanda “Sabah” isə Premyer Liqada “dördlük”dən kənarda qalıb (5). “Bayquşlar” ölkə kubokunda finaldadır və kuboku qazanacağı halda, Avropa Liqasına vəsiqə qazanacaq.
Aşağı büdcəli “Kəpəz” və “Şamaxı” elitada qaldı, bu komandalardan ikiqat çox büdcəyə sahib “Səbail” isə çempionatı tərk edən komanda oldu.
Büdcəsinə görə klubların sıralası belədir:
1. Qarabağ – 34 milyon 753 min manat
2. Neftçi – 28 milyon 250 min
3. Sabah – 26 milyon, 953 min manat
4. Zirə – 10 milyon 968 min 897 manat
5. Sumqayıt – 9 milyon 178 min manat
6. Səbail – 7 milyon 799 min manat
7. Araz-Naxçıvan – 6 milyon 208 min manat
8. Turan Tovuz – 6 milyon 145 min manat
9. Kəpəz – 3 milyon 711 min manat
10. Şamaxı – 3 milyon manat.