Türkiyə Super Liqasında "Qalatasaray"ın çempion olmasından sonra "Fənərbağça" azarkeşləri prezident Ali Koçu istefaya çağırırlar.
İstanbul klubunun 12 ildir çempion ola bilməməsi azarkeşləri hiddətləndirir. Üstəlik, "Qalatasaray"ın 25-ci dəfə çempion olaraq 5-ci ulduzu taxması da Ali Koça olan qəzəbi artırır. Son günlərdə "Fənərbağça" cameəsi onun vəzifəsindən getməsini tələb edir.
Ali Koç isə bütün bu etirazların fonunda fövqəladə qurultay qərarı verib. Beləliklə, İstanbul klubunda sentyabr ayında prezident seçkiləri keçiriləcək. Üstəlik, Ali Koç sözügedən seçkidə namizəd olacağını da açıqlayıb.
Maraqlıdır, Ali Koç bütün bu etirazlara rəğmən, yenidən "Fənərbağça" prezidenti seçilə bilər?
Mövzu ilə bağlı Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlama verib. O bildirib ki, "Fənərbağça" azarkeşləri artıq iki ildir Ali Koçu istefaya dəvət edirlər:
"Son aylarda isə bu tələb daha çox dilə gətirməyə başlanılıb. Bütün bunların fonunda Ali Koçun növbədənkənar qurultay qərarı verməsini düzgün addım kimi qiymətləndirirəm. Çünki klub rəhbərinin etibar yenilənməsinə ehtiyacı var".
Ekspert hesab edir ki, Ali Koçun seçkini sentyabra təyin etməsi təsadüfi deyil:
"Bu, bir hiylədir. Çünki seçkini sentyabra təyin etmək onun xeyrinədir. Nəzərə almaq lazımdır ki, sentyabra qədər çox şey dəyişə bilər. Məsələn, Joze Mourinyonu postunda saxlaya və ya daha uğurlu baş məşqçi gətirə bilər.
Həmçinin, yay transfer pəncərəsində heyətə 3-4 yeni dünya ulduzunun cəlb olunması mümkündür. Bundan başqa, yeni mövsümə ardıcıl qələbələrlə başlamaq da böyük avantaj ola bilər. Düşünürəm ki, bütün bunları hesablayan Ali Koçun seçkidə qalib gəlmək şansı kifayət qədər böyükdür".
Kənan Məstəliyev onu da diqqətə çatdırıb ki, Ali Koçun ciddi rəqibi yoxdur:
"Rəqib kimi adı keçənlərin heç biri maddi güc və nüfuz baxımından Ali Koça yaxınlaşa bilmir. Güclü rəqibi olmadığı üçün indi seçki olsa, yenə də qazanma ehtimalı böyük idi".
Onun sözlərinə görə, "Fənərbağça" prezidenti mövsümü yaxşı idarə edib:
"Düzdür, mövsümün ilk hissəsində idarəetmədə verilən qərarlarda problemlər var idi. Lakin sonradan komanda toparlandı. Ümumi olaraq isə Ali Koçun mövsümü yaxşı keçirdiyi qənaətindəyəm. Əslində, çempionluq ona görə deyil, Mourinyonun yanlış qərarları ucbatından əldən getdi. Yəni mövsümü Ali Koçun passivinə yox, aktivinə yazmaq olar".
Pərviz