"PSJ", yoxsa "İnter"? - Favorit AÇIQLANDI

İDMAN
13:49 / 23.05.2025
77

UEFA Çempionlar Liqasının yeni formatının ilk qalibinin bəlli olması üçün artıq çox az zaman qalıb. 

Belə ki, həyəcanla gözlənilən final 31 mayda keçiriləcək. Yerli vaxtla saat 23:00-da başlayacaq matçda Fransanın "PSJ" və İtaliyanın "İnter" klubları üz-üzə gələcək. Sözügedən final Almaniyada oynanılacaq. 

Maraqlıdır, Çempionlar Liqasının finalının favoriti hansı komandadır? 

Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, bizi çox maraqlı oyun gözləyir:

374088

"Bu səviyyədə olan komandaların çempionluğunda bir az bəxt amili, bir az da "futbol Tanrısı"nın kimin tərəfində olması həlledici olur. Çünki Çempionlar Liqasının finalında qarşılaşan rəqiblər bir-birinə qol vurmaq və qalib gəlmək gücündə olur. Burada yalnız detallar rol oynayır. Bu final da bəlkə son dövrlərin ən bərabər güclü komandaların duellərindən biridir".

Onun sözlərinə görə, həm "PSJ", həm də "İnter" oyun üslubları bir-birlərindən fərqlənir:

"Lakin hər iki üslubla da qalib gəlmək mümkündür. Onlar, bunu daha əvvəlki mərhələlərdə göstəriblər. Əslində, yarımfinal mərhələsindəki matçlara nəzərə salanda, "PSJ"nin "Arsenal"a qarşı üstün oynadığını görürük. "İnter" isə "Barselona" ilə matçda son ana qədər favorit deyildi. Lakin möhtəşəm oynayaraq finala yüksəldi". 

Aslan Kərimovun proqnozuna əsasən, "PSJ" Çempionlar Liqasının qalibi olmaq üçün bir addım öndədir:

"Düşünürəm ki, "PSJ" çempion olmağa daha yaxındır. Şanslar çox yaxın olsa da, Fransa təmsilçisini 0,5 faiz öndə görürəm. Çünki Paris klubunun hücum, yarımmüdafiə və müdafiə xətləri balanslaşdırılmış şəkildədir. Baş məşqçi Luis Enrike mükəmməl işlər görüb. "İnter"in isə müdafiəsi yaxşıdır, əks hücumlarda da çox təhlükəli olurlar. 

Ancaq potensial olaraq balanslı oynadığı və topu özündə saxlamağı sevən komanda olduğu üçün "PSJ" qələbəyə daha yaxındır. İtaliya klubunun oyunu həddindən artıq fiziki gücə dayanıb. 90 dəqiqə boyunca kompakt müdafiə ilə çox yorulacaqlar. "PSJ" futbolçuları isə topa sahib  olanda daha çox güc sərf etmirlər. Bütün bunları nəzərə alaraq, "PSJ"nin çempion olacağını proqnozlaşdırıram". 

Pərviz

0