"Azərbaycan Premyer Liqasının inkişaf etməməsinin bir çox səbəbi var".
Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib.
O, liqamızın əsas təməl problemlərindən bəhs edib:
"Premyer Liqamızın inkişafı yolunda bir neçə çatışmazlıq var. Yəni liqada inkişaf üçün bir neçə amilə xüsusi diqqət etmək lazımdır. Düşünürəm ki, onlardan biri klubların maliyyə dayanıqlılığıdır. Çünki klublarımızın maliyyəsi çox azdır. Bir-ikisi istisna olmaqla, qalanların maliyyəsi çox aşağıdır".
Ekspert qeyd edib ki, günümüz futbolunda 2-3 milyonla böyük nəyəsə nail olmaq çox çətindir:
"Əgər hansısa komandamız legioner transfer etmək istəyirsə, bu məbləğə yalnız orta səviyyədən də aşağı futbolçulara yönəlmək məcburiyyətində qalır. Belə olan halda da liqanın keyfiyyət aşağı düşür.
Həmçinin, futbol infrastrukturmuz da yetərli səviyyədə deyil. Bir çox komandamızın nə bazası, nə də qalmağa yeri mövcuddur. Hətta normal meydançaları belə olmayan klublarımız var. Bunun üçün isə əlavə maliyyə xərcləmək lazımdır".
Aslan Kərimov onu da diqqətə çatdırıb ki, bəzi klublarımız məşq üçün arenadaya ayrıca meydançalar götürürlər:
"Bunun kimi əlavə xərclər il ərzində kifayət qədər böyük məbləğ edir. Hansı ki, o pula futbolçu da transfer etmək olar. Eyni zamanda, liqamızın əsas problemlərindən də biri akademiyalara diqqət ayırılmamasıdır.
Məsələn, bu gün UEFA akademiya tələbini ləğv etsə, klublarımızın çox böyük əksəriyyəti akademiyalarını bağlayar. Akademiyalara məcburiyyət kimi baxıldığı üçün orada oyunçuların inkişafına çox da diqqət etmirlər".
Mütəxəssisin sözlərinə görə, Azərbaycan Premyer Liqasında menecer problemi də var:
"Bu gün klublarımızla çalışan menecerlərin əksəriyyəti futbolçuya baxanda onun keyfiyyəti barədə nə isə deyə bilmirlər. Üstəlik, futbolçunun sadəcə oyun keyfiyyəti də bəs etmir.
Ancaq bizdə bəzi menecerlər və oyunçuların seleksiyasından cavabdeh olan şəxslər klubun deyil, öz mənafeylərini daha çox qoruyurlar. Yəni maliyyə baxımından hansı futbolçunun transferindən onlara daha çox pul qalırsa, onu seçirlər. Çünki komandanın uğurlu olmasına çalışmırlar. Bütün bunlar və daha artığı Premyer Liqamızın inkişafını saxladan amillərdir".
Pərviz