Klublararası dünya çempionatına nə üçün maraq azdır? - RƏY

İDMAN
13:00 / 24.06.2025
57

"Klublararası dünya çempionatına maraq kifayət qədər aşağıdır. Hazırda turnir gözləntilərin gerisində qalıb". 

Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib. 

O bunun əsas səbəbindən bəhs edib:

"Bu turnir klubların əksəriyyəti, xüsusən də Avropa komandaları tərəfindən böyük narazılığa səbəb olub. Hətta bəzi klublar bu çempionatın keçirilməməsini tələb edirdilər. 

Çünki mütəmadi olaraq daxili çempionatlarda, ələxsus da İngiltərə, İspaniya, İtaliya və Almaniyada yüksək yerlər uğrunda mübarizə aparan komandaların futbolçuları il ərzində həddindən artıq sayda matça çıxırlar. Üstəlik, həmin komandaların həyətlərində olan futbolçuların demək olar ki, 90 faizi öz ölkələrinin də yığmasının əsas oyunçuları sayılırlar".

376355

Ekspert qeyd edib ki, mövcud oyun qrafikasında futbolçuların dincəlmək fürsəti olmur:

"Nəticədə, futbolçular mövsüm ərzində həddindən artıq yüklənməyə məruz qalırlar. Bu da məşqçilərin matç saylarının artmasına üsyan etmələrinə gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, liqa və milli oyunlarla yanaşı, ölkə kuboku və avrokuboklarda oyun keçirtmək də futbolçuların yorulmasına səbəb olur. Yəni çox vaxt üç gündən bir oyunlar keçirilir".

Mütəxəssis diqqətə çatdırıb ki, bütün bunlar isə futbolçuların səhhətindən yan keçmir:

"Onların tez-tez zədələnmə səbəblərindən biri də sıx oyun qrafikidir. Bütün bunlara baxmayaraq, indi də klublararası dünya çempionatı keçirilir. Lakin bəzi komandalar ümumiyyətlə sözügedən turnirdən imtina edərək, qatılmadılar. Çempionatda iştirak edən komandaların bəziləri isə meydana əsas heyətlə çıxmırlar".

Aslan Kərimovun sözlərinə görə, belə faktorlara görə klublararası dünya çempionatındakı oyunların əksəriyyətinin keyfiyyəti aşağıdır:

"Bu turnirin uğurlu olmaması və matçların gözləntilərin gerisində qalmasının əsas səbəbi Avropa klublarının iştirak etmək istəməməyidir. İştirak edənlər də müəyyən nüanslara görə məcburiyyətdən qatılıblar. Bu da keyfiyyətin aşağı düşməsinə səbəb olur".

Pərviz

0