Klublararası dünya çempionatı Çempionlar Liqasına rəqib ola bilər?

İDMAN
13:06 / 11.07.2025
65

Klublararası dünya çempionatı yekunlaşmaq üzrədir. 

Lakin FIFA tərəfindən təşkil olunan turnirə münasibət birmənalı deyil. İstər bəzi azarkeşlər, istərsə də futbol ictimaiyyətinin əksəriyyəti bu çempionatı vaxt itkisi hesab edir. Hətta baş məşqçilər və futbolçular arasında da Klublararası dünya çempionatına təpki göstərənlər var idi. 

Bütün bu etirazların fonunda başlayan turnirin qrup mərhələsi sıxıcı olsa da, sonrakı turlara bir qədər maraq yarandı. Xüsusilə nəhəng Avropa klublarının bir-biri ilə rəqib olması buna səbəb oldu. Üstəlik, belə oyunlar keçiriləcəyi təqdirdə Klublararası dünya çempionatının gələcəkdə Çempionlar Liqasına rəqib ola biləcəyi iddia olunmağa başladı.

Maraqlıdır, Klublararası dünya çempionatı Çempionlar Liqasına rəqib ola bilər? 

Mövzu ilə bağlı futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlama verib. O hesab edir ki, Klublararası dünya çempionatı Çempionlar Liqasına rəqib ola bilməz:

377592

"Bu turnirin Çempionlar Liqası ilə rəqabət aparacaq səviyyədə olacağını düşünmürəm. Çünki klublar bu çempionata müdafiə baxımından bir qədər laqeyd yanaşırlar. 

Digərlərinə nisbətən "PSJ" müdafiədə daha yaxşı oynayır. Buna baxmayaraq, onlar belə bu turnirdə bütün qüvvələrindən istifadə etmirlər. Açıq-aşkar görünür ki, Paris təmsilçisi də Klublararası dünya çempionatına o qədər müsbət yanaşmır".

Ekspert qeyd edib ki, turnir etirazlara səbəb olmağa davam edir:

"Turnirdən əvvəl də bir çox dünya səviyyəli futbolçu və baş məşqçi Klublararası dünya çempionatının keçirilməsinə etiraz edirdi. Çünki futbolçulara istirahət etmək üçün zaman qalmır. Əslində, onların haqlı olduğu üzə çıxdı. Nəzərə almaq lazımdır ki, bu turnirdə çox sayda zədələnən futbolçu oldu. 

Bir çox faktora görə, Klublararası dünya çempionatı Çempionlar Liqasına rəqib ola bilməz. Bu, mümkün deyil. Ona görə ki, Çempionlar Liqasının alternativi yoxdur. Mən Klublararası dünya çempionatının uzun müddət davam edəcəyini də zənn etmirəm". 

Pərviz

0