Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranan yay fasiləsindən istifadə edən klublar heyətlərini yeni oyunçularla gücləndirir.
Qaynarinfo xəbər verir ki, artıq əksər klublar heyətlərinə yerli və xarici bazardan yeni oyunçular cəlb edib.
Hələlik bazar dəyəri ən yüksək olan futbolçuları "Qarabağ" və "Neftçi" heyətinə qatıb. Ağdam klubununun Braziliya "Palmeyras"ından transfer etdiyi yarımmüdafiəçi Pedro Bikalyo və Bakı təmsilçisinin Cənubi Kipr AEK-indən heyətinə qatdığı İmad Faraj yayın ən bahalı transferləri hesab olunur. "Transfermark" onlara 1 milyon avro qiymət qoyub.
"Qarabağ"ın Portuqaliyanın "Torreense" klubundan transfer etdiyi Dani Bolt ilk "üçlüy"ü qapayır. Onun bazar dəyəri 800 min avrodur.
"Sabah"ın Polşa "Pyast"ından transfer etdiyi Akim Zedadkaya 700, "Zirə"nin "Şamaxı"dan heyətinə qatdığı Brahim Konateyə 650 min avro qiymət qoyulub. "Sabah"ın digər transferi - Fransanın "Martigues" klubundan gələn Qvadelupa yığmasının üzvü Stiv Solvetın isə 600 min avro qiyməti var.