"Viktor Osimhenin "Qalatasaray"a transferinə bir neçə aspektdən baxmaq olar".
Bu sözləri Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, birinci aspekt azarkeşlərdir:
"Osimhen həm futbolu, həm də xoş hərəkətləri ilə azarkeşlərə özünü sevdirə bilib. O, "Qalatasaray"la yanaşı, digər türk klublarının azarkeşlərinin də böyük rəğbətini qazanıb.
Osimhen qısa zaman ərzində necə böyük bir futbolçu olduğunu sübut edib. Yəni Viktor Osimhenin transfer edilməsi həm də azarkşelərin sifarişi idi. Düşünürəm ki, belə səviyyədə bir futbolçunun transferi üçün istənilən puldan keçməyə dəyər".
Ekspert qeyd edib ki, məsələyə bir də futbol tərəfindən baxmaq lazımdır:
"Osimhen həqiqətən də çox yaxşı futbolçudur və hazırda dünyanın 10 ən yaxşı hücumçusu sırasındadır. Nigeriyalı forvardı dünyanın istənilən klubu öz heyətində görmək istəyər.
75 milyon çox nəhəng bir məbləğ olsa da, Osimhen üçün uyğundur. O, bu pula dəyər. "Qalatasaray" Viktor Osimheni transfer edərək hücum xəttindəki problemləri birdəfəlik həll etməyə çalışır".
Həmsöhbətimiz Osimhen transferinin strateji əhəmiyyətindən də söz açıb:
"Reallıq budur ki, "Qalatasaray" əldə etdiyi uğurlarla artıq Türkiyə çempionatı aşıb. İstanbul klubu artıq daha yuxarı səviyyədədir. "Cim-Bom" uzun illərdir Super Liqanın hegemonuna çevrilib. "Qalatasaray" Türkiyənin ən yaxşı klubu olduğunu sübut edir.
Ona görə də "Qalatasaray" artıq Avropa bazarına açılmağı hədəfləyir. Bunun üçün böyümək, böyümək üçün isə dünya ulduzlarından ibarət heyət qurmaq lazımdır. "Cim-Bom" artıq Türkiyədə deyil, Avropada uğur qazanmağı hədəfləyir. Məhz bu səbəbdən heyətə Mauro İkardi, Leroy Sane və Viktor Osimhen kimi dünya ulduzlarını cəlb olunub.
Hesab edirəm ki, Osimhen üçün xərclənən bu məbləğ böyük görünsə də, gələcəyə yatırımdır. "Qalatasaray" bununla strateji addım atdı və böyük bir Avropa klubu olmaq yolunda həmlə etdi".
Pərviz