"Qarabağ"ın Çempionlar Liqasında "pley-off"u keçmə ehtimalları nə qədərdir?

İDMAN
13:30 / 12.08.2025
66

"Qarabağ" uzun illər sonra Çempionlar Liqasına vəsiqə qazanmağa yaxındır. 

Təmsilçimiz Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında Şimali Makedoniya klubu "Şkendiya" ilə qarşılaşdı və 1-0 hesabı ilə qalib gəldi. Komandamız bu axşam keçiriləcək revanş matçı öncəsi böyük üstünlüyə sahibdir. Ümumiyyətlə, Ağdam klubu bu turun favoriti olaraq göstərilir. 

Komandamızın "pley-off" mərhələsindəki rəqibi isə "Ludoqorets" - "Ferentsvaroş" cütünün qalibi olacaq. Hansı ki, "Qarabağ" yaxın tarixdə onların hər ikisi ilə oynayıb və qələbə qazanıb. Ona görə də azarkşelər və ekspertlər "Köhlən atlar"ın Çempionlar Liqasının liqa mərhələsinə yüksələcəyini proqnozlaşdırırlar.

Bəs bu proqnozun reallaşma ehtimalı nə qədərdir? "Qarabağ" Çempionlar Liqasının "pley-off" mərhələsini keçə bilər? 

Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, bununla bağlı indidən fikir bildirmək çətindir:

379703

"Çünki hələ qarşıda III təsnifat mərhələsində "Şkendiya" ilə cavab matçı var. Düzdür, "Qarabağ" favoritdir və mən də keçəcəyinə inanıram. Amma revanş matçından sonra daha dəqiq danışmaq olar". 

Ekspert buna rəğmən, "pley-off" mərhələsi ilə bağlı ilkin proqnozunu da verib:

"Əslində, həm "Ludoqorets", həm də "Ferentsvaroş" yaxşı komandalardır. "Qarabağ" onların hər ikisi ilə qarşılaşıb. Lakin indiyə kimi istər onların, istərsə də komandamızın heyətində xeyli dəyişikliklər olub. 

Hesab edirəm ki, hansı komanda rəqib olmasından asılı olmayaraq, çətin oyunlar olacaq. Çünki hər iki rəqib də çox güclüdür. Buna baxmayaraq, "Qarabağ"ın onların ikisi ilə də bərabər səviyyədə oyunlar keçirəcəyini düşünürəm. Çünki komandamız da onlarla eyni səviyyədədədir". 

Aslan Kərimovun sözlərinə görə, "Ludoqorets" daha rahat rəqib ola bilər:

"İkisi arasında seçim edəsi olsaq, "Ferentsvaroş"un "Ludoqorets"dən daha güclü olduğunu deməliyik. O daha çətin rəqib ola bilər. "Ludoqorets" nisbətən yaxşı seçim olar. Ümumi olaraq isə "Qarabağ"ın "pley-off" mərhələsini keçmə şanslarını yarı-yarıya dəyərləndirirəm". 

Pərviz

0