"Əslində, "Fənərbağça" - "Benfika" matçının qarşılaşmasının qolsuz bərabərliklə bitməsi gözlənilən nəticə deyildi".
Bu sözləri Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, İstanbul klubunun öz meydançasında hücum edərək, ən azından cavab qarşılaşması üçün üstünlük əldə etməsi gözlənilirdi:
"Düzdür, "Benfika" çox yaxşı komandadır və potensialı böyükdür. Onların da rəqibin üzərlərinə gəlməsindən istifadə edərək istər əks-hücumlarda, istərsə də müdafiədə tapdıqları boşluqlardan yararlanaraq qol və qollar vurması gözlənilirdi. Yəni oyunun qarşılıqlı qollar və hücumlarla keçəcəyi proqnozlaşdırılırdı. Lakin bu, baş vermədi. Bəzi epizodlar olsa da, çox darıxdırıcı və maraqsız matç izlədik".
Ekspertin sözlərinə görə, bunun səbəbkarı "Fənərbağça"nın baş məşqçi Joze Mourinyodur:
"Mourinyonu müdafiəyəmeyilli futbol oynadan məşqçi kimi tanıyırıq və bu dəfə də onun şahidi olduq. Onun oyun planı "Benfika"dan top buraxmamaq idi və bu planı da həyata keçdi.
Əslində, "Benfika" "Fənərbağça"dan daha güclüdür və daha yaxşı heyəti var. Ona görə də müəyyən mənada Portuqaliya klubundan da qol buraxmamaq az iş deyil. Mourinyonun əsas planı da qol buraxmamaq, imkan olsa, qol vurmaq idi".
Həmsöhbətimiz vurğulayıb ki, matçın 0-0 hesabı ilə bərabərə bitməsi nə "Benfika", nə də "Fənərbağça" üçün uğurlu sayılar:
"Xüsusilə Türkiyə təmsilçisinin oyunun 70-ci dəqiqəsindən sonra 1 nəfər azlıqda qalan rəqibinə qarşı hücumları daha çox olmalı idi. Çünki cavab qarşılaşmasında məhz "Benfika" daha üstün oynayacaq.
Nəzərə almaq lazımdır ki, onların azarkeşləri ev oyunları zamanı rəqiblərə ciddi gərginlik yaşada bilirlər. Düşünürəm ki, səfərdə "Benfika"nı məğlub etmək çox çətin olacaq. Onlar, həm doğma meydanda üstün oynayacaqlar, həm də "Fənərbağça"nı səhvlərə məcbur edəcəklər".
Kənan Məstəliyevin sözlərinə görə, ilk matçdakı nəticə İstanbul klubu üçün daha böyük uğursuzluqdur:
"İlk baxımından sərfəli nəticə kimi görünə bilər, amma "Fənərbağça" üçün bunu daha böyük uğursuzluq kimi qəbul edirəm. Çünki dediyim kimi, "Benfika" cavab qarşılaşmasında daha möhkəm, istəkli və əzmli olacaq. Yəni Joze Mourinyonun qorxaq taktikası yalnız ilk qarşılaşma üçün yetərli oldu.
İkinci qarşılaşma üçün isə bu taktika müsbət nəticə verməyəcək. Ən azı bir qol vurularaq 1-0 hesabı ilə qalib gəlinsəydi, müəyyən üstünlük əldə etmiş olardı".
Mütəxəssis hesab edir ki, "Benfika" turu keçməyə daha yaxın tərəfdir:
"Böyük ehtimalla, "Fənərbağça" revanş matçında da müdafiə futbolu oynayacaq. Lakin onların müdafiədə oturduğu zaman qol buraxma ehtimalı daha çoxdur. Məncə, "Benfika" bu fürsətdən istifadə edəcək və daha çox hücuma keçərək qol vurmağa çalışacaq.
İstanbuldakı oyunda daha inamlı oynamaq lazım idi. Bu inamsızlığın əziyyətini cavab qarşılaşmasında çəkəcəklər. Təəssüf ki, "Benfika"nın növbəti mərhələyə keçmək ehtimallarının daha yüksək olduğunu proqnozlaşdırıram".
Pərviz