"Dünyaca məşhur baş məşqçi Joze Mourinyonun "Fənərbağça"da uğur qazana bilməməsinin bir neçə səbəbi var".
Bu sözləri Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında deyib.
O, bu səbəblərdən danışıb:
"Ümumiyyətlə, Türkiyə çempionatı çox spesifik çempionatdır. Orada Mourinyoya qədər də tanınmış məşqçilərin uğursuzluğa düçar olduğunu görmüşük. Qardaş ölkədə nəticə qazanmaq çox çətindir.
Çünki orada futboldan kənar amillərin böyük təsiri var. İndiyə qədər "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ı müxtəlif dönəmlərdə dünyaca məşhur mütəxəssislər çalışdırıb. Lakin onların bir çoxu uğursuzluq yaşayıb".
Ekspert qeyd edib ki, Türkiyədə uğur qazanmaq çox çətindir:
"İstər azarkeş təzyiqi, istərsə də klubların daxili qaydaları və idarəçilik tərzi tamam fərqlidir. Orada çempion olmaq, uğur qazanmaq asan deyil. Hətta dünyanın ən yaxşı məşqçisi olsan belə, Türkiyənin reallıqlarına qısa müddətdə uyğunlaşa bilməsən, uğur qazana bilməzsən".
Kənan Məstəliyev vurğulayıb ki, Mourinyonun əsas rəqibi olan "Qalatasaray" da çox güclü idi:
"Joze Mourinyo "Qalatasaray"ın yüksəlişə başladığı bir dövrdə "Fənərbağça"ya gəldi. Nəticədə, "Cim-Bom" "Fənər"ə onu keçmək imkanı vermədi.
Okan Buruk təcrübəli və Türkiyə çempionatını yaxşı tanıyan bir mütəxəssis kimi komandasını çempionata doğru hazırladı. O, avrokubokları ikinci plana keçirdi və əsas diqqəti çempionluğa yönəltdi. Transferlər də daha yerində idi, sabitlik vardı. Nəticədə "Fənərbağça" oyun baxımından bəzən daha yaxşı təsir bağışlasa da, "Qalatasaray"ı keçə bilmədi".
Mütəxəssis vurğulayıb ki, "Fənərbağça"dakı idarəetmə problemləri də portuqaliyalı məşqçinin uğursuzluğuna səbəb oldu:
"Əslində, "Fənərbağça"nın uzun illərdir çempion ola bilməməsinin əsas səbəblərindən biri klubdakı idarəetmə böhranıdır. Konkret olaraq Ali Koç klub rəhbəri olduqca uğur qazanmaq ehtimalları çox aşağıdır.
Çünki spontan və məntiqsiz qərarlar verilir. Üstəlik, həmin qərarların üzərində durulmur, transferlər gecikdirilir və ya alınmır. Joze Mourinyo bu problemlərdən də əziyyət çəkdi.
Əgər transferlər zamanında edilsəydi bəlkə də "Fənərbağça" Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"nı keçə bilərdi. Lakin "Benfika" ilə oyunlarda istər əsas heyət, istərsə də ehtiyat oyunçular yetərsiz idi. Bütün bu amillər Mourinyo kimi məşqçinin belə uğursuzluqla üzləşməsinə səbəb oldu".
Pərviz