"Qarabağ"dan Çempionlar Liqasında gözləntilər nələrdir? - RƏY

İDMAN
13:13 / 05.09.2025
48

"Düşünürəm ki, "Qarabağ"ın Çempionlar Liqasındakı iştirakından əsas gözləntilər maraqlı oyunlar olmalıdır". 

Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu səviyyədə hansısa nəticəni əldə edəcəyimizi təxmin etmək çətindir:

"Bu, daha çox komandamızın oyunlardakı vəziyyətindən və rəqiblərdən asılı olacaq. Nəzərə almaq lazımdır ki, bəzən hər şey bizdən asılı olmur. Məsələn, "Çelsi" və "Liverpul"a qarşı oynayanda hər şey "Qarabağ"dan asılı olmayacaq. Komandamız nə qədər yaxşı oynasa belə, ümumi səviyyəni düşünmək lazımdır". 

Ekspert vurğulayıb ki, Ağdam klubunun Çempionlar Liqasındakı rəqibləri çox güclüdür:

"Belə vəziyyətdə ciddi nəticə əldə etməyimiz proqnozlaşdırılmır. Lakin asan rəqib də olmayacağıq. Buna tam əminəm. Hətta bəzi rəqiblərlə başabaş oynama ehtimalımız var". 

Aslan Kərimov "Qarabağ"ın xal alma ehtimalı olan oyunlar barədə də danışıb:

"Məsələn, "Ayaks"la yenidən yaxşı şəkildə mübarizə apara bilərik. Bu, komandadan xal ala bilərik. Eyni zamanda, "Kopenhagen"lə matçda da nəyəsə nail olmaq mümkündür. 

Həmçinin, "Benfika" ilə matçda da şanslarımız ola bilər. Fikrimcə, onlar bizə qarşı açıq futbol oynayacaqlar. Beləliklə, müdafiədə yaranan boşluqlar futbolçularımıza şans yarada bilər. Sadəcə bütün oyunlarda diqqətli olmalı və xətalar etməməliyik".

381278

Mütəxəssis diqqətə çatdırıb ki, "Qarabağ" belə turnirlərə qatılmaqla daha da inkişaf edəcək:

"Çempionlar Liqası səviyyəsində komandalarla oynamaqla futbolçularımız böyük təcrübə qazanacaqlar və özlərini inkişaf etdirəcəklər. 

Ona görə də "Qarabağ"ın Çempionlar Liqasında nə qədər xal yığmasından daha çox, təcrübə qazanması üstünlük olacaq. Əminəm ki, komandamız çox yaxşı futbol nümayiş etdirib etdirəcək və azarkeşlərin könlünü oxşayacaq. Ən azından Çempionlar Liqası həyəcanını hiss edəcəyik". 

Pərviz

0