"Hesab edirəm ki, Azərbaycan milli komandasının Dünya Çempionatına qatılmaq ehtimalları həddindən artıq dərəcədə aşağıdır".
Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, yığmamızın Dünya Çempionatının seçmə mərhələsində qrupdan çıxmaq ehtimalı çox azdır:
"Açığı, Fransanın qrupun lideri olacağı bəllidir. Bizim qrupdan çıxmağımız üçün ikinci olmağımız lazımdır. Lakin millimizin qrupdan ikinci kimi çıxmaq ehtimalları olduqca aşağıdır. Yəni bir heç-heçə etməklə Dünya Çempionatına qatılmaq mümkün deyil. Ukrayna ilə bərabər qalmaq bizim ikinci olmaq şanslarımızı artırmır".
Ekspert fikirlərini belə əsaslandırıb:
"Qrupdakı bütün rəqiblərimizin - Fransa, İslandiya və Ukraynanın oyun üslubları bizdən çox yüksəkdir. Azərbaycanın bu oyunla onları keçmə ehtimalları inandırıcı deyil. Ukraynadan sadəcə doğma azarkeşlər qarşısında əzmlə oynayaraq xal ala bildik. Ancaq bütün oyunlarda belə əzmkar oynayaraq xal qazana bilmərik. Yəni axır-əvvəl ustalıq səviyyəsi öz sözünü deyəcək".
Aslan Kərimov qeyd edib ki, Azərbaycanın qrupda ikinci ola biləcəyi real deyil:
"Çünki millimiz ikinci olmaq üçün İslandiya və Ukraynanı keçməlidir. Hərçənd ki, biz oyun olaraq onlardan geridəyik. Bu reallığı da qəbul etmək məcburiyyətindəyik. Sadəcə olaraq, yığmamız Fernandu Santuş dönəmində çox ruhsuz oynayırdı. O getdikdən sonra isə əzmlə mübarizə apardıq. Ancaq bu, rəqiblərimizdən zəif olduğumuz reallığını dəyişdirmir".
Pərviz