"Hədəfimizə çatacağımıza komanda olaraq çox inanırıq" - "Şəfa"nın baş məşqçisi

İDMAN
15:37 / 22.09.2025
66

Ötən mövsüm 2-ci Liqada 2-ci yeri tutaraq 1-ci Liqaya yüksələn "Şəfa" çempionatın ən iddialı komandalarından biridir. İlk iki turda iki qələbə qazanan Bakı təmsilçisi qapısında qol da görməyib. Sözügedən komandanın 34 yaşlı baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb ona bir neçə sual ünvanladıq.

Gənc mütəxəssisin Hit.az-a müsahibəsini təqdim edirik:

- Mövsümə istədiyiniz kimi hazırlaşa bildinizmi?
- Mövsümə çox yaxşı hazırladığımızı düşünürəm. Əsas da Qəbələ toplanışı çox effektli oldu. İstədiyimiz səviyyədə rəqiblərlə qarşılaşdıq. Ən önəmlisi isə budur ki, futbolçular toplanış zamanı bir-birinə daha yaxşı uyğunlaşmağa başladılar.

- Elə transfer etmək istədiyiniz oyunçu oldumu ki, onu heyətə qatmağa ya gecikdiniz, ya da hər hansı başqa səbəbdən rənglərinizə bağlaya bilmədiniz?
- Belə hallar istənilən komandada və istənilən transfer dönəmində baş verir. Lakin buna baxmayaraq, hansısa bir movqedə problemimizin olmadığını düşünürəm. İstər komandada qalanlar, istərsə də kollektivə yeni qoşulan futbolçulardan razıyam.

382433

- Artıq iki oyunda iki qələbə qazanmısınız. Növbəti matçınızı evdə "Cəbrayıl"a qarşı keçirəcəksiniz. Bu oyun barədə nə deyə bilərsiniz?
- Hər oyuna ciddi yanaşmaq lazımdır. Çünki liqada zəif rəqibin olmadığını görürük. Oyunlara lazımı səviyədə yanaşmasaq, bu bizim üçün heç də yaxşi nəticələnməyə bilər. "Cəbrayıl" komandasını ciddi rəqib olaraq görürəm. Təhlükəli legioner futbolçuları var və bu oyunda da var gücümüzlə çalışıb qələbə seriyamızı davam etdirməliyik.

382434

- Sizcə, komandanızın potensialı qarşınıza qoyulan çempionluq hədəfinə çatmağa imkan verir? 
- Məqsədimiz ilk gundən çempionluqdur və buna uyğun da transferler etmişik. Hədəfimizə çatacağımıza komanda olaraq, çox inanırıq.

- İndidən qış transfer pəncərəsi ilə bağlı planları cızmısınız? 
- Çempionat hələ yeni başlayıb. Hazırda bütün fikrimiz komandamızın oyununu daha da təkmilləşdirmək və mümkün qədər çox xal toplayıb turnir cədvəlinin zirvəsində qərarlaşmaqdır.

- Çempionluq yolunda əsas mübarizənin hansı komandalar arasında gedəcəyini düşünürsünüz?
- İndidən fikir bildirmək çətindir, çünki çempion olmağa qadir bir çox komanda var. Liqa başlamamış "Səbail" ilə "Şəfa"nın adı hallanırdısa, mən bu gün bu iki klubun yanına "Mingəcevir", MOİK və "Zaqatala"nı da əlavə edərdim. Çempionat ildən-ilə daha da gərginləşir. Legioner limiti yığışdırılandan sonra Birinci Liqaya bir çox futbolçular üz tutdular və belə keyfiyetli futbolçuların sayəsində bir çox klubun heyəti güclənmiş oldu.

Samir

0