"Düşünürəm ki, Azərbaycan mətbuatı "Qarabağ"ı rahat buraxmalıdır".
Bu sözləri tanınmış idman jurnalisti Natiq Muxtarlı Hit.az-a açıqlamasında deyib.
O, sözlərini belə əsaslandırıb:
"Azərbaycan mətbuatı və ictimaiyyəti Çempionlar Liqasının ikinci təsnifat mərhələsi başlayandan bəri "Qarabağ"dan mütləq şəkildə hücumçu transferini tələb edir. "Bu hücumçularla heç yerə gedə bilməzsən" deyirdilər.
"Qarabağ" isə bu heyətlə Çempionlar Liqasının əsas mərhələsinə düşüb, birinci turda "Benfika" kimi komandaya səfərdə 3 qol vurub. Lakin yenə də Ağdam klubundan nə üçün hücumçu almadığını soruşuruq. Bu, absurddur. Artıq belə tələbləri irəli sürmək olmaz".
Ekspertin sözlərinə görə, "Qarabağ" UEFA-dan pul alıbsa da, 5-10 milyon verib hücumçu gətirə bilməz:
"Deyək ki, "Qarabağ" o pulu verib hücumçu aldı. Onda indi qazandığından daha artıq nəticəyə nail olacaq? Bu, mümkün deyil. Məsələn, Juninyo ötən il "Qarabağ"ın heyətində Azərbaycan çempionatında oynayırdı. Lakin "Köhlən atlar" həm Çempionlar Liqasının əsas mərhələsinə düşə bilmədi, həm də Avropa Liqasının liqa mərhələsində fiyasko yaşadı. İndi hansı əsasla tələb edirik ki, Juninyo mütləq Qarabağa qayıtmalı idi?
"Qarabağ" Duranı alıb, istər cinahda, istərsə də mərkəz hücumçusu kimi oynadır. O, "Benfika" ilə oyunda da özünü sübut etdi. Üstəlik, inkişaf etdikcə daha potensiallı futbolçu olacaq. Gəlin icazə verək, Qurban Qurbanov öz işi ilə məşğul olsun. Bizim ona bu məsələdə məsləhət verəcək potensialımız yoxdur. Çünki verdiyimiz bütün məsləhətlərə baxmayaraq, Qurban Qurbanov öz bildiyini etdi və haqlı olduğunu sübuta yetirdi".
Mütəxəssis sözlərinə belə davam edib:
"Qurban Qurbanov hücumçusuz Çempionlar Liqasının əsas mərhələsinə düşüb, səfərdə "Benfika"ya 3 qolla qalib gəlib, bütün dünya "Qarabağ"dan danışır. Amma biz yapışmışıq Qurban Qurbanovun yaxasından ki, "Sən niyə hücumçu almırsan?".
Ümumiyyətlə, Azərbaycana səviyyəli hücumçu gələrmi? İstənilən hücumçu əvvəlcə oturub çempionatın səviyyəsinə baxacaq. Görəcək ki, 3 komanda eyni stadionda oynayır, o da süni örtüklüdür. Bu bataqlığa, bu biabırçı məkana hansı səviyyəli hücumçu gələr? Özünü hörmət edən dünya səviyyəli hücumçu bu çempionata gəlməz".
Natiq Muxtarlı qeyd edib ki, Qurban Qurbanov heyətə düşməyən, komandasında lazım olmayan, amma potensialı olan futbolçuları gətirib burada "dirildə" bilir:
"Deməli, o, yaxşı məşqçidir. Biz ona niyə məsləhət veririk? Niyə təzyiq edirik? Onsuz da hücumçu alınsaydı belə komandanız Çempionlar Liqasında ən yaxşı halda 5-6 xal toplaya bilər. "Benfika" qələbəsi bizi aldatmasın. Çünki potensialımız o qədərdir, daha artıq deyil. Yoxsa biz Çempionlar Liqasını qazanmalıyıq?
Gəlin Qurban Qurbanova işini görməyə imkan verək. Azarkeşlər danışa, tələb edə bilər, amma biz mətbuat olaraq Qurban Qurbanova dəstək verməliyik. O, Azərbaycan futbolunda bəlkə də yeganə şəxsdir ki, işini normal görür.
Amma digər problemlər qalır bir tərəfdə. Məsələn, soruşmaq olar: AFFA-nın o bərli-bəzəkli strategiyası uşaq futbolunun və ümumiyyətlə Azərbaycan futbolunun inkişafı ilə bağlı hara getdi? Niyə bunu heç kim AFFA-dan soruşmur? Hamı Azərbaycanın yeganə uğurlu klubu olan "Qarabağ"ın və baş məşqçisi Qurban Qurbanovun üstünə düşüb. Gəlin onu rahat buraxaq ki, öz işini təzyiqsiz görsün".
Pərviz