Bu həftəsonu bizi maraqlı futbol matçı gözləyir.
Belə ki, sabah Madrid derbisi baş tutacaq. Bakı vaxtı ilə saat 18:15-də başlayacaq matçda "Atletiko Madrid" öz evində "Real Madrid"i qəbul edəcək.
Bəs bu həyəcanla gözlənilən derbidən gözləntilər nələrdir?
Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, son dövrlərdə həm "Atletiko Madrid", həm də "Real Madrid" yaxşı çıxış edir:
"Ona görə də oyunla bağlı konkret proqnoz vermək çətindir. "Real" hücuma, "Atletiko" isə müdafiəyə daha çox üstünlük verir. Yəni "Kral klubu"nun hücum xətti rəqibin müdafiə xəttini yara biləcəkmi? Bax, bu, ciddi sual doğrudur. Çünki "Atletiko Madrid" kimi komandanın müdafiə xəttini yarmaq çox çətindir.
Təbii ki, hər iki komandanın qol imkanları olacaq, amma kimin bu oyunda səhv edəcəyi həlledici olacaq. Xüsusilə bu səviyyədə olan oyunlarda hansısa mövqelərdə səhvlərin baş verməsini rəqib komandanın oyunçuları bağışlamırlar".
Mütəxəssisin sözlərinə görə, "Atletiko Madrid" derbidə xal almağa yaxındır:
"Düşünürəm ki, "Real Madrid" hücumda oynamaq məcburiyyətindədir. Amma "Atletiko Madrid"in necə dərin müdafiə olduğunu da çox gözəl bilirik. Həmçinin, Xabi Alonsonun komandası rəqibin əks-hücumlarının qarşısını almağa çalışacaq. Hər halda, "Atletiko" öz meydançasında oynadığı üçün bu derbidə bir xal qazanmaq ehtimalı yüksəkdir".
Pərviz