"Qarabağ" - "Kopenhagen": Gözləntilər qələbədir

İDMAN
10:06 / 30.09.2025
48

Sabah "Qarabağ" Çempionlar Liqasında növbəti matçına çıxacaq. 

Təmsilçimiz qitənin 1 nömrəli klub turnirinin ikinci turunda Danimarkanın "Kopenhagen" komandası ilə qarşılaşacaq. Bakıda keçiriləcək matç saat 20:45-də başlayacaq. 

Bəs oyundan gözləntilər nələrdir? "Köhnələn atlar" Çempionlar Liqasında ardıcıl ikinci matçda da qalib gələ bilər? 

Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında bildirib ki, "Qarabağ" - "Kopenhagen" matçı hər iki komanda üçün çox vacib qarşılaşmadır:

"Hər iki komanda ilk turda uğurlu nəticələr əldə edib. "Kopenhagen" öz evində "Bayer Leverkusen"dən xal aldı. "Qarabağ" isə 2-0 geriyə düşməsinə rəğmən, "Benfika" kimi komandanı məğlub etdi. Bu sensasiyalı qələbə nəinki Avropa, ümumiyyətlə dünya mediasında çox böyük müzakirələrə səbəb oldu".

382958

Ekspert qeyd edib ki, indi təmsilçimiz bu uğurlu qələbəni artıq uğurlu seriyaya çevirməyə çalışır:

"Rəqib təbii ki, "Benfika" kimi güclü deyil. Amma "Kopenhagen" Portuqaliya klubundan fərqli olaraq daha intizamlı və praqmatik futbol oynayan komandadır. 

Bu komanda ilə oynayanda 90 dəqiqə diqqətli olmaq lazımdır. Çünki "Kopenhagen" istər müdafiədə, istərsə də  hücumda praqmatik futbol oynayır və 90 dəqiqə ərzində hesabın necə olmasından asılı olmayaraq son saniyəyə qədər mübarizə aparır".

Mütəxəssis diqqətə çatdırıb ki, rəqib 4-4-2 sxemi ilə oynayır və cinahlardan olan hücumlardan maksimum yararlanmağa çalışırlar:

"Onlar, cərimə meydanına daxil olanda çox böyük təhlükələr yarada bilirlər. Danimarka mətbuatından izlədiyimiz qədər çox istəklidirlər və bura qələbə üçün gəlirlər.

Amma "Qarabağ" da zəif komanda deyil və belə rəqibləri çox görüb. Hesab edirəm ki, Ağdam klubu bu komandanın öhdəsindən gələ biləcək. Düzdür, itkilərimiz var. Məsələn, Yankoviç kimi əsas heyət oyunçumuzun zədələnməsi bütün planlarımızı pozur. 

Buna baxmayaraq, "Qarabağ"ın 4-5-1 və ya 4-2-3-1 sistemi rəqibin 4-4-2 sistemini pozmağa uyğundur. "Qarabağ" öz klassik futbolu olan top gəzdirmə oyununu tətbiq edəcəyi halda rəqibin müdafiəsində boşluqlar yaranacaq və bu boşluqlardan istifadə edəcək". 

Kənan Məstəliyevin proqnozuna əsasən, "Qarabağ" "Kopenhagen"i məğlub edə bilər:

"Düşünürəm ki, "Qarabağ" taktiki intizama riayət edəcəyi halda bu rəqibi məğlub edə bilər. Biz bu komandadan xal və ya xallar almalıyıq. Doğma meydanda azarkeşlərinin dəstəyi ilə "Qarabağ"ın Çempionlar Liqasında ardıcıl ikinci qələbəsini qazanacağını proqnozlaşdırıram". 

Pərviz

0