"Fənərbağça"dakı dəyişikliklər nə vəd edir? - Ekspert RƏYİ

İDMAN
13:19 / 03.10.2025
55

"Türkiyənin "Fənərbağça" klubunda qısa zaman ərzində çox sayda dəyişiklik baş verdi". 

Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib. 

O, son olaraq Sadettin Saranın kıub prezidenti seçilməsindən danışıb:

"Əslində, bu mövsüm üçün Sadettin Sarandan da gözləntilər yüksək deyil. Çünki klub artıq çempionatın əvvəlində əsas rəqibi "Qalatasaray"la mübarizədə bir balaca geri qalıb. Yəni "Fənərbağça"nın mövsüm ərzində geridönüş edəcəyi böyük bir sual doğurur. Oyun baxımından da əzəli rəqiblərindən uzaqdırlar. 

"Cim-Bom" rəqabətə dayanıqlı bir heyət formalaşdırdığını göstərir. Onların legioner futbolçuları da "Fənərbağça" ilə müqayisədə daha keyfiyyətli və nəticə əldə edə bilən oyunçulardır. Bu da onu göstərir ki, çempionatda "Qalatasaray"la rəqabətdə qalib gəlmək çox çətin olacaq". 

383290

Ekspertin sözlərinə görə, İstanbul klubunun yeni baş məşqçisi Domeniko Tedeskodan gözləntilər böyük deyil:

"Tedesko nəzəri baxımdan müasir dövrün ən savadlı məşqçilərindən sayılırlar. Lakin Türkiyədə işləmək başqa bir məsələdir. Kağız üzərində yazılanlar Türkiyə futbol reallığında fərqli işləyir. Orada insanları idarə etmək, rəhbərlik və futbolçularla eyni istiqamətdə irəliləmək üçün Tedeskonun təcrübəsi yoxdur. 

Göründüyü kimi, qardaş ölkədə təkcə baş məşqçidən asılı olan məqamlar yoxdur. Klub daxilində belə idarə heyəti və transfer strukturu kimi bir çox başqa faktor var".

Aslan Kərimov qeyd edib ki, türk klublarında çox sayda insan müəyyən mövzularda ayrı-ayrılıqda məsuliyyət daşıyır:

"Yəni bir oyunçunun transferindən bir nəfər, digərindən başqası cavabdeh olur. Əlbəttə ki, bu da sistemsizlik yaradır. Üstəlik, "Fənərbağça"da rəhbərlik səviyyəsində də böyük rəqabət var. Məsələn, Ali Koç, Aziz Yıldırım və Sadettin Saran arasında açıq şəkildə qarşıdurma var. 

Baxmayaraq ki, hamısı hər şeyi "Fənərbağça" üçün etdiklərini deyirlər. Görünən odur ki, hələ də klubdaxili polemikalar səngimir. Bu da klub daxilindəki güc mübarizələrinin oyuna da təsir göstərdiyini göstərir". 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, belə vəziyyətdə transfer siyasəti və keyfiyyətli oyunçuların alınması da çətinləşir:
"Tedeskonun da bunlarla baş edə biləcəyinə inanmıram. Bu mövsüm "Fənərbağça"nın "Qalatasaray" və "Beşiktaş"dan geri qalma ehtimalı yüksəkdir. Çünki klubda problemlər çoxdur. Sadettin Saranın da qısa müddətdə onları həll edə biləcəyi real görünmür. 

Əsas rəqibləri olan "Qalatasaray"da isə uzun illərdir davam edən sabitlik. Bu da onların uğurlarını möhkəmləndirir. Tedesko nə qədər savadlı olsa da, "Fənərbağça"nın problemi təkcə taktika ilə həll olunası məsələ deyil. Ona görə də, Saranın baş məşqçi ilə yollarını ayırma ehtimalı da var". 

Mütəxəssis sözlərini belə yekunlaşdırıb:

"Məsələn, "Fənərbağça"nın hücumçusu En-Nesryini "Qalatasaray"ın forvardı Osimhen ilə müqayisə etmək mümkün deyil. Osimhenin performansı En-Nesryidən qat-qat üstündür. Ümumiyyətlə, bu il "sarı bülbüllər"in işi çox çətindir. Çünki dəyişikliklərə rəğmən klubdaxili uyğunsuzluq davam edir və bu rəqabətdə geridə qalacaqları artıq aydın görünür".

Pərviz

0