Son günlərdə "Neftçi"nin Vinsent Abubakarla maraqlandığı iddia olunur.
Hətta tərəflər arasında danışıqların getdiyi deyilir. Son məlumatlara görə, ulduz futbolçu paytaxt klubuna 1 illik gəlmək üçün 800 min dollar maaş tələbində güzəştə gedib. Onun artıq "ağ-qaralar"dan illik 500 min dollar maaş istədiyi iddia olunur.
Bəs bu transferin reallaşma ehtimalı nə dərəcədə realdır? Abubakar "Neftçi" üçün faydalı ola bilər?
Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında bildirib ki, Vinsent Abubakarın "Neftçi"yə gəlməsi çox yaxşı olardı:
"Bu, ilk növbədə Azərbaycan Premyer Liqasına olan diqqətin artması baxımından əhəmiyyətlidir. Abubakar yaşlı olsa, bura pul üçün gəlsə də effektiv olar. Yəni transfer reallaşsa, onun müsbət tərəflərini görməliyik. Belə tanınmış və yaxşı karyerası olan bir futbolçunun Azərbaycana gəlməsi çempionatımıza reklam baxımından müsbət təsir edər.
Üstəlik, azarkeşlər də bu cür səviyyəli futbolçunu tribunadan canlı izləyə bilərlər. Əlbəttə, bu da tribunada azarkeş sayının artmasına gətirib çıxarar. Yəni "Neftçi"nin Abubakarı transfer etməsi təbliğat, reklam və Azərbaycan futboluna diqqətin artması baxımından çox yaxşı həmlə kimi dəyərləndirilər".
Ekspert vurğulayıb ki, "Neftçi" də bu transferdən qazanacaq:
"Hazırda komandanın hücum xəttində ciddi problemlər var. Sambu və Ağadadaşla işin alınmadığı aydındır. Komandaya qol vura bilən hücumçu lazımdır və Abubakar bunun üçün çox uyğundur. O, əlinə düşən imkanların ən azı yarısını boşa verməyəcək tip futbolçudur.
Abubakar "Neftçi"nin Emin Mahmudov, Ortis, Vargas və digər yarımmüdafiəçilərindən aldığı ötürmələri məhsuldar şəkildə qola çevirə bilər. Adıçəkilən futbolçuların ötürmələri keyfiyyətlidir, amma hazırkı hücumçular bu imkanlardan istifadə edə bilmirlər".
Kənan Məstəliyev hesab edir ki, Abubakar "Neftçi"yə böyük fayda verər:
"Düşünürəm ki, onun gəlişi kluba böyük təkan verəcək. Komanda təcrübəli futbolçudan maksimum yararlanacaq və çox güclü qol silahı qazanacaq. Bu da "Neftçi"nin çempionluq və avrokubok yarışlarında daha rəqabətə davamlı komanda olmasına səbəb olacaq.
Çünki sadəcə "Qarabağ"ın çempion olduğu bir çempionat maraqsızdır. "Neftçi" kimi böyük tarixi, potensialı və azarkeş bazası olan bir klubun güclənərək çempionluq yarışında olması lazımdır. Bu, Azərbaycan Premyer Liqasının səviyyəsinin yüksəlməsi üçün vacibdir. Buna ehtiyacımız var.
Bütün bu faktorlara görə Abubakarın "Neftçi"yə mümkün transferinə çox müsbət baxıram. Yaşı çox olsa da, dövrü keçmiş görünsə də, "Neftçi"yə fayda verəcək gücdədir. Ona görə də, bu transfer baş tutması "Neftçi" üçün yalnız xeyir gətirəcək".
Pərviz