"Turan Tovuz"un yüksəlişi davam edir: "Kuboku qazana bilərlər"

İDMAN
11:31 / 10.10.2025
72

"Tovuzun "Turan" klubu Azərbaycan çempionatının ilk vaxtlarından bəri uğurla çıxış edən klublarımızdan biri olub". 

Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib. 

O xatırladıb ki, "Turan Tovuz" Premyer Liqada çempion olmuş, müstəqillik dövründə ölkəmizi ilk dəfə Avropada təmsil etmiş klubdur:
"Lakin klub sonradan maliyyə sıxıntıları yaşadığı üçün bir müddət Premyer Liqadan kənarda qaldı. Daha sonra isə birinci dəstədən çıxış etməyə başladı və yenidən əsas liqaya qədər yüksəldi. Son 2-3 ildə isə Tovuz komandası həqiqətən də böyük çıxışa imza atdı".

383734

Ekspert "Turan"ın Avropaya getmək ehtimallarından da danışıb:

"Düşünürəm ki, "Turan Tovuz"un avrokuboklarda çıxış etmək üçün yaxşı heyəti var. Hətta keçən il bəxtləri gətirmədiyi üçün Avropaya gedə bilmədilər. Bu mübarizədə rəqabətdə "Zirə" və "Araz Naxçıvan"a məğlub oldular. Amma bu il yaxşı mübarizə aparmağı bacarırlar və bu rəqabətin sona qədər davam edəcəyi gözlənilir. 

"Turan Tovuz"un avrokuboklara vəsiqə qazanıb-qazanmayacağını isə indidən demək çətindir. Çünki bəzən yaxşı kollektiv və komanda yığmaq bəs etmir. Uğurun resepti yoxdur. Bəzən rəqiblər səni üstələyərək uğurlu olurlar". 

Onun sözlərinə görə, "Turan Tovuz"un heyəti bu mövsüm Azərbaycan Premyer Liqasında çempion olmaq üçün yetərli deyil:

"Hesab edirəm ki, "Turan Tovuz" çempionatda qalib olması üçün kifayət qədər oyunçu keyfiyyətinə malik deyil. Hazırda bu yerin sahibi "Qarabağ"dır və Ağdam klubu ilə müqayisədə "Turan Tovuz"un geri qaldığı görünür.

Düzdür, hansısa çempionat oyunlarında "Qarabağ"a qalib gələ bilərlər. Amma uzunmüddətli bir marafonda çempionluq uğrunda iştirak etmək üçün hazır deyillər".

Lakin mütəxəssisin proqnozuna görə, "Turan Tovuz" ölkə kubokunda çempion ola bilər:

"Tovuz komandası Azərbaycan Kubokunun qalibi ola bilər. Nəzərə almaq lazımdır ki, kubok oyunlarında əsas məsələ təkcə performans deyil. Sözügedən turnirdə rəqibin bir səhvi və bəxt amili də mühüm rol oyanır. 

Yəni "Turan Tovuz" hazırda ölkə kubokunu qazacaq səviyyədə olan komandadır. Həmçinin, bu komandanın gələn mövsüm avrokuboklarda mübarizə aparmaq ehtimalı da yüksəkdir.

"Turan Tovuz" bu heyətlə ölkə kubokunu qazanmaq və avrokuboklara vəsiqəni təmin etmək iqtidarındadır. Onlar, bu uğurların öhdəsindən gələ bilərlər".

Aslan Kərimov "Turan"ın uğurlu olmasını səbəblərindən də danışıb:
"Bu komandanın son 2-3 ildə onların belə performans göstərməsinin əsas səbəblərindən biri dayanıqlı maliyyənin olmasıdır. Maliyyə mütəmadi şəkildə olduğu halda, istər-istəməz keyfiyyətli oyunçular yığılır və komanda bu səviyyədə çıxış edə bilir. 

Tovuz klubu da heyətinə keyfiyyətli oyunçuları cəlb etməyi bacarır. İkinci bir faktor isə baş məşqçidir. Qurban Berdiyevin işi göz önündədir. O, özünün tanıdığı yaxşı futbolçuları kluba gətirir".
 
Pərviz

0