"Azərbaycanda baş məşqçi deyil, futbolçu problemi var" - EKSPERT

İDMAN
11:11 / 14.10.2025
62

"Azərbaycan milli komandasının baş məşqçi problemi yoxdur. Yığmamızda futbolçu problemi var". 

Bu sözləri tanınmış idman jurnalisti Natiq Muxtarlı Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, illərlə dövlətin futbol təsərrüfatına ayırdığı pulu bir qrup şəxs mənimsəyib:

"Kimsə Azərbaycanda futbolçu yetişdirməklə məşğul olmayıb. Nə uşaq futbolunda infrastruktur, nə də kadr potensialı var. Ona görə də bu gün Azərbaycan yığma komandasında məşqçiləri əlcək kimi dəyişirlər, amma heç nə dəyişmir.

Belə situasiyada təbii ki, Azərbaycan yığma komandasına baş məşqçi yerli olmalıdır. Çox təəssüf ki, AFFA rəhbərliyi uzun illər yerli məşqçiləri bir kənara qoyub, bahalı əcnəbi məşqçiləri gətirərək milyonlarla dollar vəsaiti ölkədən çıxarıblar. O bahalı əcnəbi məşqçilərə və onların gətirdikləri köməkçilərə paylayıblar. O pula Azərbaycanın bütün kənd və qəsəbələrində kiçik futbol məktəbləri qurmaq olardı".

383971

Ekspert Ayxan Abbasovun millimizin baş məşqçisi kimi davam etmə ehtimalından da danışıb:

"Bu gün Azərbaycan yığmasının yerli məşqçi ilə çalışmasının tərəfdarıyam. Ayxan Abbasov, Əli və ya Vəli olmasının fərqi yoxdur. Əsas odur ki, Azərbaycanın pulu ölkədən kənara çıxmayacaq. Təbii ki, yerli məşqçilərə əcnəbilər qədər maaş verilməyəcək. Amma yerdə qalan əsas məbləğ ölkədən kənara getməyəcək, əcnəbilərə paylanmayacaq.

Biz həmişə demişik ki, o əcnəbi məşqçilərə verilən pullar Azərbaycanda uşaq futbolunun infrastrukturunun qurulmasına yönəldilməlidir. Uşaq futbol məktəblərinin açılmasına, futbolçu yetişdirilməsinə yönəldilməlidir. 

Bu gün bizim U-15, U-17, U-19, U-21 komandaları istənilən ölkə ilə oynasınlar, 0:5 və ya 0:8 hesabı ilə məğlub olurlar. Onlar, Azərbaycan futbolunun gələcəyidir, sabah milli komandanın özəyini təşkil edəcəklər. Lakin bu, onu göstərir ki, Azərbaycanın uşaq futbolu ümumiyyətlə yoxdur". 

Natiq Muxtarlının sözlərinə görə, uşaq futbolunda korrupsiya, rüşvət, xərclərin mənimsənilməsi baş alıb gedir:

"Təbii ki, yığma komandanın da heç bir perspektiv yoxdur. "Məhsul" olmayana qədər heç nəyə nail olmayacaqlar. "Məhsul" deyəndə futbolçunu nəzərdə tuturam. Biz o futbolçunu bu gün yetişdirməyə başlasaq, 15 ildən sonra milli üçün seçim olar. Ondan sonra istedadlı futbolçu nəsli olandan sonra yerli məşqçi də nəticə verəcək".

Mütəxəssis sözlərini belə yekunlaşdırıb:

"Onsuz da Azərbaycan futbolunda nəticəni yerli məşqçi verib. Klub səviyyəsində bu nəticəni Qurban Qurbanov göstərib. Ona görə yığma komandada da yerli məşqçi olmalıdır. Qalan vəsait isə uşaq futbolunun infrastrukturuna yönəldilməlidir. 

Hərçənd ki, hazırkı AFFA rəhbərliyinin də bunu edəcəyinə inanmıram. Çünki ya istəmirlər, ya da başları çıxmır. Bəlkə də futboldan anlayışları yoxdur. Amma ən azından miliidə yerli məşqçinin olması milyonlarımızın ölkədən kənara çıxmayacağı deməkdir". 

Pərviz

0