"Qarabağ" "Atletik Bilbao"nu məğlub edə bilər? - PROQNOZ

İDMAN
11:28 / 21.10.2025
53

Sabah "Qarabağ" Çempionlar Liqasında növbəti matçına çıxacaq. 

Ağdam klubu səfərdə İspaniyanın "Atletik Bilbao" komandası ilə qarşılaşacaq. Sözügedən matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. 

Maraqlıdır, "Atletik Bilbao" - "Qarabağ" matçından gözləntilər nələrdir? 

Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında bildirib ki, bu matç hər iki komanda üçün olduqca vacibdir:

"Təmsilçimiz üçün ona görə vacibdir ki, Çempionlar Liqasında 2 oyuna 6 xal qazanıb. "Qarabağ" bu uğurlu seriyanı davam etdirmək istəyir. Komandamız bir qələbə daha qazansa, demək olar ki, pley-off mərhələsini təmin etmə ehtimalı yüksələcək. Ona görə də Ağdam klubu həvəslidir və meydana qələbə üçün çıxacaq. Bu, dəqiqdir".

Ekspert qeyd edib ki, "Atletik Bilbao"da isə vəziyyət yaxşı deyil:

"Bu komanda çempionatda uğurlu çıxış edə bilmir. Həmçinin, Çempionlar Liqasında da hər iki matçda məğlub olublar. Xallarının olmaması onlar üzərində təzyiq yaradır. Bütün bunların fonunda isə "Atletik Bilbao" öz doğma azarkeşləri qarşısında "Qarabağ"ı məğlub edərək 3 xal qazanmaq istəyir. Əslində, bundan sonrakı rəqibləri də güclü olduğu üçün qələbəyə ən yaxın ehtimal kimi Ağdam klubunu görürlər. Düzdür, oyunda da favoritdirlər. Lakin belə düşünərək yanlışa yol vermiş olacaqlar".

384468

Həmsöhbətimiz diqqətə çatdırıb ki, "Qarabağ" artıq belə komandalarla oyunlara öyrəşib:

"Təmsilçimiz artıq avrokubok komandasıdır. "Benfika" da qələbə qazanacağını düşünürdü, amma nəticə hamıya bəllidir. Düşünürəm ki, oyun stilinə görə "Atletik" "Qarabağ"a uyğun rəqibdir. Bəli, rəqib daha dinamikdir, daha güclü və adlı-sanlı futbolçulardan yığılmış bir komandadır, amma "Qarabağ" da zəif deyil. Üstəlik, ispan klubunun problemləri var, xüsusilə də müdafiənin mərkəzində çətinlik çəkərək boşluqlar verirlər".

Kənan Məstəliyev hesab edir ki, "Qarabağ" rəqibin müdafiəsindəki boşluqlardan yararlana bilər:

"Məncə, bu şəkildə qol və qollar vurmaq olar. Hər şey oyunun gedişatı və "Atletik Bilbao"nun hazırlıq səviyyəsindən asılı olacaq. Çünki rəqibin heyətində zədəli futbolçular da var. Zədədən qayıdanlar isə formada deyillər. Ümumiyyətlə, komandanın forması da yaxşı deyil. Belə vəziyyətdə onların 100 faiz performans ortaya qoymaları inandırıcı görünmür. Bu baxımda düşünürəm ki, biz "Atletik" səfərindən nə qədər çətin olsa da xal və yaxud xallar qazamağa ümid edə bilərik".

Pərviz

0