"Bəxt bizim tərəfimizdə olmadı" - Teymur Rəcəbov

İDMAN
15:00 / 25.10.2025
55
Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı, Dünya Kubokunun qalibi Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.
 
HİT.az xəbər verir ki, tanınmış şahmatçı Azərbaycan komandasının Avropa çempionatında gümüş medal qazanmasından və kapitan kimi ilk uğurundan danışıb.
 
- Kişi şahmatçılarımız 8 ildən sonra qitə çempionatında medal qazandı. İlk olaraq yekun nəticə barədə fikirləriniz maraqlıdır...
 
- Reytinqə görə Azərbaycan turnirin dördüncü komandası idi. Çempionat ərzində qızıl medal uğrunda mübarizə apardıq və sonda gümüş medal qazandıq. Məncə, nəticə milli komandamız üçün mütləq uğurdur.
 
- Üçqat Avropa çempionları olan Azərbaycan komandasına qızıl medal qazanmaq üçün nə çatmadı?
 
- Son tur ərəfəsində Azərbaycan və Ukrayna komandalarının hər biri 13 xal toplamışdı. Vəziyyətə nikbin baxırdıq və Serbiyaya qarşı qələbə qazanmağı hədəfləyirdik. Əgər Ukrayna komandası qalib gəlsəydi, tay-breyklərə əsasən birinci yeri tutmaq üçün matçımızda böyük hesablı qələbəyə ehtiyacımız olacaqdı. Şahmatçılar döyüşkən əhval-ruhiyyədə idilər və qızıl medal uğrunda mübarizə aparmaq üçün digər matçlara nisbətən daha çox riskə getdilər. Matçın əvvəlində vəziyyət kifayət qədər bərabər görünürdü, müəyyən oyunlarda bəzi açılış problemləri var idi və digər lövhələrdə də təzyiq görünürdü. Ukrayna komandası oyununu inamla oynadı və qalib gəldi, ona görə də son turda az fərqlə qələbə qazansaq belə, gümüş medal qazanacaqdıq. Hamı sona qədər mübarizə apardı və düşünürəm ki, son turda bəxt bizim tərəfimizdə olmadı.
 
- Kapitan kimi Teymur Rəcəbov ilk mükafatını qazandı. Uzun illər çıxış etdiyiniz komandada kapitan olmaq necə hisslərdi?
 
- Düşünürəm ki, milli komanda şahmatçılara kapitan kimi dəstəyim bu çempionatda tamamilə özünü doğrultdu. Ən yüksək səviyyədə yarışmağa çalışdıq, mehriban komanda olaraq düzgün mühit yaratmağa nail olduq. Şahmatçıların çoxunu illərdir tanıyıram və buna görə də milli komandamızın maraqları naminə birlikdə çalışmaq çox xoş oldu.
 
- Milli komandanın yeni üzvləri Aydın Süleymanlı və Məhəmməd Muradlının çıxış barədə nə düşünürsünüz?
 
- Həm Aydın Süleymanlı, həm də Məhəmməd Muradlı güclü şahmatçılardır, döyüşkən və özlərini sübut etməyə can atırlar, nə qədər çətin olsa da, hər matçda oynamağa hazır olduqlarını göstərdilər. Onlarla ünsiyyət qurmaq asandı. Hər ikisi məşqləri davam etdirməlidi. Gərgin hazırlıqları davam etdirməklə, çox işləyərək reytinqlərini 2700-ə çatdırmaq şansları var. Amma bu, gərgin hazırlıq sabah və ya o biri gün deyil, bu gündən başlamalıdır. Mən onlara inanıram və onları çox yaxından izləyirəm. Onların qarşıda böyük bir gələcəyi var və onların qətiyyəti gələcəkdə milli komandanın nəticələrinə birbaşa təsir edəcək.
 
-Şahmatçı kimi mübarizə aparmaq və ya kapitan olmaq - hansı daha çətindir?
 
- Əsas məqsədim həmişə xalqımızın, şahmata və şəsxən mənə böyük dəstək göstərən Ümummilli Lider Heydər Əliyevin,şahmata və şahmatçılara çox vaxt ayıran, bütün uğurlarımızı izləyən hörmətli prezidentimiz İlham Əliyevin gözləntilərini doğrultmaq olub. Dövlət başçısının rəhbərliyi altında ölkəmizdə Dünya Kubokları, Olimpiadalar, Dünya Çempionatları və digər əhəmiyyətli yarışlar keçirilib. Azərbaycan fərdi və komanda yarışlarında saysız-hesabsız qələbələr qazanıb. Şahmatçı və ya kapitan kimi əsas məqsəd qalib gəlməkdir. Əlbəttə ki, kapitanın daha çox məsuliyyəti var.
 
0