Vitse-prezident idmançının ailəsindən 100 min tələb etdi - Məkhəmə qəbul etmədi

İDMAN
17:36 / 09.12.2025
41
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu cüdo üzrə gənclərdən ibarət milli komandanın sabiq üzvü Tuncay Şamil və atası Zəfər Şamilov barəsində məhkəmə iddiası qaldırıb. 
 
Qaynarinfo-nun məlumatına görə, Zəfər Şamilov oğlunun komandadan uzaqlaşdırılması ilə bağlı Rəşad Rəsulluya zəng edərək, ailəsinin yanında onu təhqir edib. Rəsad Rəsullu bu zəngin onu nüfuzdan saldığını əsas gətirərək, mənəvi zərərin ödənilməsi məqsədilə məhkəməyə müraciət edib. O, cavabdehdən yazılı üzr istəməsini, 100.000 manat mənəvi təzminat, 100 manat dövlət rüsumu və 5.000 manat vəkil xərclərinin ödənilməsini tələb edib.
 
Cavabdeh Zəfər Şamilov deyib ki, Rəşad Rəsullunun məhkəmədə qaldırdığı iddia əsassızdır və övladı Tuncay Şamili yığma komandadan uzaqlaşdıran şəxsdir: "Heydər Əliyev adına Beynəlxalq Aeroportda cüdo üzrə gənc oğlanlardan ibarət milli komandanın Avropa Kubokunda iştirak üçün Şimali Makedoniya Respublikasına səfəri ərəfəsində milli komandanın üzvləri - oğlum Tuncay Şamil və Aslan Kotsoyev arasında insident baş verib. Həmin münaqişədən sonra Tuncay Şamil əsassız olaraq Cüdo Federasiyasının gənc oğlanlardan ibarət milli yığma komandasından kənarlaşdırılıb. Guya o, komanda yoldaşına qarşı etik davranış qaydalarına uyğun olmayan hərəkətlər edib. Qeyd olunan hallar həqiqəti əks etdirmir və hazırki mübahisə ilə bağlı xüsusi ittiham qaydasında müvafiq orqanlara müraciət etmişik".
 
Tuncay Şamil-Aslan Kotsoyev 
 
Rəşad Rəsullunun iddia tələbinə gəldikdə isə Zəfər Şamilov hesab edir ki, iddiaçı işin faktiki halları barədə məhkəməyə yalan məlumatlar verərək, məsuliyyətdən yayınmağa, hansı yolla olursa-olsun baş ağrıtmağa və əsassız varlanmağa çalışmışdır: "Belə ki, iddiaçının qeyd etdiyi kimi, aramızda heç bir danışıq olmayıb, tərəfimdən ona qarşı heç bir təhqiramiz ifadələrdən istifadə edilməyib. İddiaçı federasiyanın icraçı vitse-prezidentidir. Onunla danışığı yalnız oğlum Tuncay Şamilin milli komandadan kənarlaşdırılmasına dair çıxarılan qərarla bağlı olub. Hazırda həmin qərarın ləğv edilməsi ilə bağlı ilkin müraciəti Cüdo Federasiyasının Apellyasiya və Mübahisələrin Tənzimlənməsi Komitəsinə də etmişik. Dəfələrlə müraciət etməyimə baxmayaraq, Rəşad Rəsullu məsələni ört-basdır etmək niyyətilə bütün yollara əl atıb, bizə hədə-qorxu gəlib, müəyyən yollarla "hara istəyirsiz müraciət edin, onsuzda heç nə edə bilməyəcəksiz" deyə mesaj yollayıb. Bizdə olan məlumata görə, iddiaçının hazırki tələbi bizi şikayətimizdən yayındırmaq və bu müddət ərzində federasiyanın gizlin işlərini təmizləmək və ört-basdır etmək üçündür".
 
Rəşad Rəsullu
 
Cavadeh onu da iddia edib ki, Cüdo Federasiyası oğlu ilə yanaşı, bir çox idmançını əsassız olaraq komandanan uzaqlaşdırıb, onlara əmək müqavilələrinə xitam verildiyi barədə məlumat vermələrinə baxmayaraq, adlarına hər ay əmək haqqı ödənişləri edib, həmin pulları mənimsəyiblər. Bu barədə idmançılar müvafiq orqanlara da müraciətlərini ediblər.
 
Məhkəmənin hökmü ilə Rəşad Rəsullunun yazılı formada üzr istənilməsi, mənəvi ziyana görə 100.000 manat məbləğində təzminat tələbinə dair iddia tələbi rədd edilib. Məhkəmənin xərcləri iddiaçıya aid olunub.
 
 
0