Bu axşam “Qarabağ” Çempionlar Liqasında növbəti matçına çıxacaq.
Ağdam təmsilçisi turnirin 7-ci turunda Bakıda Almaniyanın “Ayntraxt Frankfurt” klubu ilə qarşılaşacaq. Sözügedən matç saat 21:45-də başlayacaq.
Maraqlıdır, “Qarabağ” - “Ayntraxt Frankfurt” qarşılaşmasından gözləntilər nələrdir?
“CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov Hit.az-a açıqlamasında bildirib ki, “Qarabağ”ın Çempionlar Liqasında bu mərhələyə qədər gəlib çıxması özü böyük bir nailiyyətdir:

“Azərbaycan futboluna baxırsan, bir də digər tərəfə baxırsan ki, “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsində pley-off uğrunda çox önəmli qarşılaşmaya çıxır. Yəni bu çox gözəl səslənir. Ağdam klubu bu mövsüm buralara qədər gəlib çıxmaqla çox böyük iş görüb. Rəqib “Ayntraxt Frankfurt”da baş məşqçi dəyişikliyi olub. Maraqlıdır ki, istənilən kollektivdə baş məşqçinin dəyişikliyi müsbət təsir göstərir.
Necə ki, “Ayaks”da baş məşqçi dəyişdi və elə ilk oyunda Bakıdan qalib ayrıldı. Ona görə də “Ayntraxt Frankfurt”da da bu baş məşqçi dəyişikliyi müəyyən mənada bir “qapalı qutu”dur. Çünki indiyə qədər “Qarabağ”ın texniki heyəti bundan əvvəlki məşqçinin oyun planı üzərindən dəyərləndirmələr aparırdılar. İndi isə yeni məşqçidir, tam fərqli sistemdir və nə edəcəyi bəlli deyil”.
Ekspert qeyd edib ki, bundan əvvəlki qarşılaşmalarda üçlü müdafiə ilə meydana çıxan alman klubu toplu oyunda yaxşı təsir bağışlasa da, topsuz oyunda geri dönüşlərdə çox ciddi problemlər yaşayırdı:
“Xüsusilə cinah müdafiəsində yaranan boşluqlardan rəqiblər maksimum şəkildə yararlanırdılar. Bu oyun planında onların xüsusilə mərkəzdən etdiyi hücumlar, topa sahib olma əmsalının yüksək olmağı onları hücum fazasında daha fərqli bir səviyyəyə gətirib çıxarmışdı. Amma topsuz oyunda geri dönüşlərdə ciddi mövqe sığortalarında problemlər yaranırdı. Məhz bu amillər komandanın uğursuz çıxışında, xüsusilə top buraxma anlamında çox ciddi problemlər yaşayırdı”.
Onun sözlərinə görə, Qurban Qurbanov bu axşam yenə də ənənəvi oyun planına sadiqlik nümayiş elətdirəcək:
“Düşünürəm ki, “Qarabağ” topa daha çox sahib olan tərəf kimi görünməyə çalışacaq, topu özündə saxlamağa cəhd göstərəcək. Təbii ki, rəqib də basqı ilə başlayacaq. Amma bu maçda əsas o basqını qırmaqdır.
Məncə, “Ayntraxt Frankfurt” yenə də hücum fazasında etdiyi basqı ilə “Qarabağ”ın topu oyuna daxil etməyinə imkan verməyəcək. Hər halda, ilk 10-15 dəqiqə kəşfiyyat xarakterli olacaq. Ən azından Qurban Qurbanov da rəqibin oyun planı üzərindən nələr etmək istədiyini görmək imkanı əldə edəcək. Oyun içərisində 2-3 dəfə taktiki dəyişikliklərin şahidi olacağımızı xüsusilə qeyd etmək istərdim”.
Elçin Cəfərov söyləyib ki, əsas məsələ Qurban Qurbanovun oyuna edəcəyi müdaxilələrdir:
“O, oyun əvəzetmələrində çox ciddi şəkildə tənqid olunur. Yəni əvəz edilənlərlə meydandan çıxan oyunçular arasındakı səviyyə fərqi ilə müəyyən problemlər yaranır. Ona görə Qurbanov da bu maçda çox ehtiyatlı olmalıdır. Yəni oyunçu əvəzetmələrdə ciddi fokuslanmalıdır. Ümumilikdə, çətin qarşılaşma olacağını düşünürəm.
Matçın favoriti “Ayntraxt Frankfurt”dur. Çünki müdafiədə ciddi problemlərimiz olur. Ancaq ümid edirəm ki, bu axşam Azərbaycan futbolu adına növbəti tarix yazılar. Məncə, bu maçdan bir xal almaq belə bizim üçün çox önəmlidir. Ən azından məğlub olmamağa çalışmalıyıq”.
Elmir Mustafa


