Siyasətçilərdən “Qarabağ”a təbrik MESAJLARI

İDMAN
10:12 / 22.01.2026
166

“Qarabağ” ötən axşam Çempionlar Liqasında daha bir tarix yazdı.

Komandamız Almaniya təmsilçisi “Ayntraxt Frankfurt” qarşısında 3-2 hesabı ilə əzmkar qələbə qazandı. Bununla da “Köhlən atlar” pley-off üçün ciddi şans qazandı. Beləliklə, bu zəfər bütün ölkədə böyük coşğu ilə qeyd olundu. Dünən gecədən etibarən siyasətçilərdən də “Qarabağ”a təbrik mesajları gəlir. 

İlk təbriki də məhz Prezident İlham Əliyevdən gəldi. Dövlətimizin başçısı bu barədə paylaşım etdi:
“Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” komandası üzərində parlaq qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu ürəkdən təbrik edirəm!
Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə "Qarabağ"ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!"

Həmçinin, deputatlar və partiya sədrləri də təbriklərə qoşuldular. 

Hit.az “Qarabağ”ı təbrik edən siyasətçilərin bəzilərini təqdim edir:

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa:
““Qarabağ” yalnız geri dönüş edərək möhtəşəm qələbə qazanmadı. 90 dəqiqə almanlarla mükəmməl Azərbaycan-alman-ispan oyunu oynadı. Bu qədər səliqəli, sistemli oyunu bacaran komanda görmək ayrı bir xoşbəxtlikdir. İnanın ki, bu komanda məğlub olsaydı belə, oyundan aldığım zövqə qətiyyən xələl gəlməyəcəkdi. Bu arada görkəmli futbol mütəxəssisi Yaşar Seyidovla birlikdə oyuna baxırdım. Yaşar çox soyuqqanlı şəkildə 1-2 məğlubiyyət anında açıq bəyan etdi ki, bu oyun 3-2 bitməsə, o halda mənim futbol anlayışıma şübhə ilə yanaşa bilərsiniz. Tam isabət: söylədiyi kimi də oldu. Hakimin avara hərəkətləri də komandamızı sındıra bilmədi. 

Bu cür oyunlardan sonra “Qalatasaray”dan, “Fənərbaxça”dan maraqlı oyun gözləyənlərin yenə də zövqlərini korlayacağını dəqiq bilirəm. Artıq Türk dünyasında “Qarabağ”a həm “Qarabağsaray”, həm də “Qarabağbağça” kimi baxılır. Söhbət toplanan xallardan getmir, sistem oyundan gedir. Bu futbol Qurban Qurbanovun ixtirasıdır sanki. Sxemi cızıb verib, oyunçular dəqiq sxem üzrə hərəkət edirlər. Elvin Cəfərquliyev, Medina, Düran, Yankoviç, Silva, Bəhlul- daha kimi deyim- hamısı mükəmməl! Növbəti mərhələyə çıxarlar-çıxmazlar- bir o qədər önəmli deyil, dünyaya komanda göstərdik, məşqçi göstərdik, xarakter göstərdik!”

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə:
“Təşəkkürlər, “Qarabağ””

Milli Məclisin deputatı Hikmət Babaoğlu:
“Əhsən, “Qarabağ”! Təşəkkürlər, Bəhlul. Çox sağ ol, Qurban Qurbanov! 11 rəqib futbolçu və 3 hakimə qalib gəldik”.

Milli Məclisin deputatı Tural Gəncəliyev:
“Möhtəşəmsən, “Qarabağ””

Milli Məclisin deputatı Naqif Həmzəyev:
“Təbriklər, “Qarabağ”!

Azad Vətən Partiyasının sədri Akif Nağı:
“Adi qələbə deyil, dəhşətli hadisədir. Halal olsun! Millətimizə, komandamıza, Qurbanımıza, “Qarabağ”ımıza eşq olsun”.

ReAl Partiyasının sədri Natiq Cəfərli:
“Möhtəşəmsən, “Qarabağ”! Sağ olun, uşaqlar! Var ol, Qurban Qurbanov! Eşq!”.

Elmir Mustafa


 

0