Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb.
HİT.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin yubileyi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turuna təsadüf edib.
Azərbaycan çempionu "Ayntraxt"la (Frankfurt, Almaniya) ev matçında 3:2 hesabı ilə qalib gəlib. Bu, "Qarabağ"ın Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub. Mütəxəssis "Neftçi"də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 qələbədən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i avrokuboklarda qeydə alınıb. Mütəxəssisin 500-cü qələbəsi karyerasındakı 857-ci matça təsadüf edib. O, komandaları ilə keçirilən oyunların 58,34 faizində qalib gəlib.
Qeyd edək ki, Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/2007 mövsümündə "Neftçi"nin "sükanı arxasında" əldə edib. 2006-cı il avqustun 6-da "Gənclərbirliyi"ni qəbul edən paytaxt təmsilçisi böyük hesabla qalib gəlib – 6:1.
Bu arada, Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların sayı 150-yə çatıb. Yubiley qolunu Bəhlul Mustafazadə vurub.
"Qarabağ"ın müdafiəçisi Liqa mərhələsinin VII turunun "Ayntraxt"la (Frankfurt, Almaniya) ev matçında qələbə topunun müəllifi olub – 3:2.
Azərbaycan komandaları qitənin ən nüfuzlu klub turnirinin təsnifat və əsas mərhələlərində keçirilən 116-cı matçda 150-yə çatıb.
Bu qollara 7 komanda imza atıb. "Qarabağ" hamıdan çox – 110 dəfə fərqlənib. "Neftçi" 18, "Bakı" 7, "Şəmkir" 6, "Kəpəz" 4, "Şamaxı" 3, "Xəzər Lənkəran" 2 qola sevinib. 150 qoldan 135-i təsnifat və pley-off, 15-i əsas mərhələlərdə (qrup və liqa) vurulub.
Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycan təmsilçilərinin ilk qoluna İmamyar Süleymanov imza atıb. O, 1998-ci il iyulun 22-də baş tutan LKS (Polşa) - "Kəpəz" qarşılaşmasında (4:1) fərqlənib.


