“Qarabağ” daha bir tarix yaza biləcək?

İDMAN
14:10 / 28.01.2026
139

Bu gün “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsindəki son matçına çıxır.

Komandamızın rəqibi İngiltərə nəhəngi “Liverpul”dur. Həyəcanla gözlənilən oyun gecə 00:00-da başlayacaq. Azarkeşlər isə bu mövsüm Çempionlar Liqasında tarix yazan “Qarabağ”dan daha bir unudulmaz uğur gözləyirlər.

Bəs bu oyundan gözləntilər nələrdir?

Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlama verib.

O bildirib ki, azarkeşlərin marağına səbəb olacaq xoş bir oyun gözlənilir:
“Nəzərə almaq lazımdır ki, “Qarabağ”ın son dönəmdəki oyunları təkcə Azərbaycanda yox, bütün Avropada təəccübə səbəb olub. Çünki kimsə “Qarabağ”dan belə performans gözləmirdi. İndi isə qarşıda “Liverpul”la çətin səfər oyunu var. Çox güclü və tarixi komandaya qarşı oynayacağıq. Düzdür, ingilis təmsilçisi favoritdir, amma “köhlən atlar”ın da ciddi qol şansları olacaq. Əminəm ki, cinah müdafiəçilərimizin sayəsində çoxluq yaradıb hücumlar təşkil edəyik. Əslində, “Qarabağ” “Napoli” istisna olmaqla, bütün rəqiblərinə qol vurub. Sadəcə “Napoli”yə qol vura bilmədik, amma qol şanslarımız oldu”.

Ekspert qeyd edib ki, bu matçda qol buraxmamaq da “Qarabağ” üçün çox vacibdir:
“İlk növbədə qapımızı toxunulmaz saxlamalıyıq. Ancaq hər şey “Qarabağ”dan da asılı deyil. Komandamız nə qədər yaxşı performans göstərsə də, qarşısındakı “Liverpul”dur. İngilis nəhəngi əsas heyətlə çıxsa və var gücü ilə oynasa, onların hücumlarının qarşısını almaq qeyri-mümkündür. Ona görə hesab edirəm ki, hər şey təkcə bizdən asılı deyil. Buna baxmayaraq, həyəcanla bu oyunu izləyəcəyik. Hesabın necə olacağını deyə bilmərəm, amma hər iki komandanın da qol vurmaq imkanları olacaq. Xüsusilə biz rəqibin səhvlərindən yararlanmağa çalışmalıyıq. Üstəlik, “Liverpul”un da əksikləri çoxdur. Bundan da yararlanmalıyıq”.

Aslan Kərimov vurğulayıb ki, “Qarabağ”ın pley-off turuna çıxmaq şansı çox böyükdür:
“Əslində, “Qarabağ”ın turu keçə bilməməsi üçün möcüzə baş verməlidir. Gərək ondan aşağıda olan bütün rəqiblər qalib gəlsin. Üstəlik, hər birinin çətin oyunları var. Yəni bunun baş verməsi bəlkə də 1 faizdir. Ona görə artıq pley-off mərhələsində olduğumuzu düşünürəm. Sadəcə olaraq pley-off mərhələsində neçənci yeri tutacağımız bəlli deyil”.

Elmir Mustafa 
 

0