AFFA-nın qəbul etdiyi futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq, assosiasiya və Bakı Futbol Federasiyasının (BFF) birgə qərarı ilə U-13 və U-14 yaş qrupları üzrə “Sabahın Ulduzları” layihəsi çərçivəsində Bakı Kuboku uğrunda yarışlara start veriləcək.
HİT.az xəbər verir ki, məlumatı Bakı Futbol Federasiyasının mətbuat xidməti yayıb.
İlk turun oyunları 2026-cı il mart ayının 4-5-də keçiriləcək.
Yarışın əsas məqsədi paytaxtda, eləcə də ölkəmizin hər yerində futbolun təbliğinə dəstək olmaq, uşaqlara milli ruhu aşılamaq, sağlam rəqabətli mühit formalaşdırmaq, istedadlı futbolçuları üzə çıxarmaq, onların yaxın gələcəkdə peşəkar futbolçu kimi yetişmələri üçün şərait yaratmaqdır.
Qeyd olunan yaş qruplarının hər birində 12 komanda mübarizə aparacaq. Yarışa peşəkar futbol klubları, futbol məktəblərini ölkə çempionatında təmsil edən, həmçinin idman prinsiplərinə və “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda oyunların Əsasnamə tələblərinə cavab verən komandalar buraxılacaq.
Birdövrəli sistem üzrə keçiriləcək yarışın əsas mərhələsində ilk dörd pillədə qərarlaşan komanda yarımfinalda oynamaq hüququ qazanacaq.
“Sabahın Ulduzları” layihəsi təkcə yarış xarakteri daşımır. Bu, həm də uşaq futbolunda komanda ruhunun gücləndirilməsinə, yetişən nəsildə peşəkar təməl prinsipləri ilə bərabər idman mədəniyyətinin formalaşdırılmasına xidmət edir.
“Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarış mərkəzləşdirilmiş qaydada Bayıl stadionunda keçiriləcək. Oyunların canlı yayımı, mətbuatda geniş işıqlandırılması nəzərdə tutulub.
İnanırıq ki, yenidən bərpa olunan “Sabahın Ulduzları” layihəsi Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Mahir Emreli, Ceyhun Nuriyev, Emil Balayev, Musa Qurbanlı, Coşqun Diniyev, Abbas Hüseynov, Rahil Məmmədov, Rza Cəfərov, Ağadadaş Salyanski, Namiq Ələsgərov, Azər Salahlı, Murad Məmmədov və digər futbolçuların, Əliyar Ağayev kimi hakimlərin, eyni zamanda gənc məşqçilərin, klub idarəçilərinin yetişməsində, onların inkişafında mühüm rol oynayacaq, Azərbaycan futboluna öz töhfələrini verəcək.


