Deputat: “Qürurumuz “Qarabağ” dastan yazmağa davam edir”

İDMAN
12:35 / 29.01.2026
134

“Hər birimizin qüruru olan “Qarabağ” Futbol Klubu dastan yazmağa davam edir”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, klubumuzun Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi tarixi hadisədir:
“Azərbaycanın tarixi zəfərlə suverenliyini tam bərpa edərək, dünyanın ən güclü, ən qürurlu, ən müzəffər dövlətinə və xalqına çevrilməsi sayəsində adından söz etdirməsini indi də “Qarabağ” futbol klubu idman meydanlarda davam etdirir. Bu gün “Qarabağ” adı Avropanı fəth etməkdədir. 

Hətta komandamız təkcə Avropanın yox, dünyanın sayılıb-seçilən klubları ilə başa-baş oynayır. Məsələn, “Qarabağ”ın klublar arasında dünya çempionu olan “Çelsi” ilə bərabərə qalması, hətta bir çox məqamlarda ondan üstün görünməsi, çox aşağı büdcə ilə böyük hərflərlə adını artıq tarixə yazdırması olduqca mühümdür”.

Millət vəkili qeyd edib ki, “Qarabağ” Futbol Klubu bu gün həm də Azərbaycanın siyasi, iqtisadi və humanitar sahələrdəki uğurlarını idman meydanlarında özündə əks etdirir:
“Bu klub Qurban Qurbanovun başçılığı altında həm də insanının əzmini meydanlarda əks edir. Necə ki, biz 30 ilə yaxın torpaqlarımız işğalda olmasına baxmayaraq əzilmədik, yorulmadıq, sona qədər mübarizə apardıq, gücləndik, ən sona qədər ümidimizi itirməyərək o tarixi günləri yaşadıq. Nəticədə, qələbəni, zəfəri, uğuru və gücümüzü dünyaya göstərdik. Bu gün də doğma klubumuz “Qarabağ” artıq Avropanın ən güclü klubları sırasına daxil olub. Növbəti mərhələlərdə də komandamızın yenidən Azərbaycan xalqını və dünyanın hər yerində olan azarkeşlərini sevindirməyə davam edəcəyi hər birimizi qürurlandırır”.

Millət vəkili fikirlərini belə tamamlayıb:
“Sona qədər döyüşən, mübarizəsindən geri çəkilməyən, Avropanın, dünyanın adlı-sanlı klubları ilə çəkinmədən döyüşən “Qarabağ”ımızın futbol meydançalarında qələbə seriyalarına davam edəcəyindən əminik. Bununla həm futbol azarkeşlərini, həm də xalqımızı sevindirməyə və qürurlandırmağa davam edəcək”.

Elmir Mustafa


 

0