"Neftçi"nin heyətində qol vuran futbolçuların sayı 200-ə çatıb

İDMAN
14:00 / 02.02.2026
55

"Neftçi"nin heyətində qol vuran futbolçuların sayı 200-ə çatıb.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, İqor Ribeyro Bakı klubunun heyətində Azərbaycan çempionatlarında ilk qoluna imza atıb.

Braziliyalı müdafiəçi Misli Premyer Liqasının XVIII turunda, "Araz-Naxçıvan"la görüşdə (4:0) sabiq komandasının qapısına yol tapıb.

Ribeyro Azərbaycan çempionatları tarixində "Neftçi"nin heyətində rəqib qapısına qol vuran 200-cü futbolçu olub. Cari mövsümün startına qədər 194 oyunçu bunu bacarmışdısa, cari çempionatda İqora qədər daha 5 futbolçu - Alesio Kurçi, Freddi Varqas, İmad Faraj, İfeanyi Metyu və Vensan Abubakar da bu siyahıya daxil olub.

"Neftçi" Azərbaycan çempionatlarının yüksək liqasında ən çox futbolçusu qol vuran komandadır. Hazırda heç bir digər klubun 200 oyunçusu fərqlənməyib.

Qeyd edək ki, "ağ-qaralar"ın ilk qolunu 1992-ci il mayın 8-də "Xəzər"in (Sumqayıt) qapısına Yunis Hüseynov vurub. 200 nəfərlik siyahıya isə 99 qol vuran Samir Ələkbərov başçılıq edir.

0