“Qarabağ” – “Nyukasl”: Gözləntilər nələrdir?

İDMAN
17:00 / 06.02.2026
141

Avropadakı qürurumuz “Qarabağ” Çempionlar Liqasında yeni tarix yazmağa hazırlaşır.

Komandamız UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq. İlk qarşılaşma fevralın 18-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cavab görüşü isə fevralın 24-dən 25-nə keçən gecə saat 00:00-da başlayacaq.

Maraqlıdır, “Qarabağ”dan bu mərhələdə gözləntilər nələrdir? Komandamız “Nyukasl”ı keçə bilər?

Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a danışıb.

O bildirib ki, bizi yaxşı bir oyun gözləyir:
“Əslində, komandamızın Çempionlar Liqası kimi bir turnirdə qarşılaşdığı bütün rəqiblərlə oyunları həddindən artıq çox gərgin keçdi, amma pley-off mərhələsinə düşməyi bacardı. Bu mərhələdə də bizim üçün uğurlu püşkatma oldu. Hazırda hər iki komanda çox çətin vəziyyətdədir. Çempionlar Liqasından əvvəl daxili çempionat və ölkə kubokunda oyunlara çıxmaq “Qarabağ”a çox təsir edir. Faktiki olaraq, “Qarabağ” “Nyukasl”la oyuna özünün ən optimal vəziyyətində çıxa bilmir. Düzdür, rəqibimizin də işi asan deyil. Onlar da dörd turnirdə mübarizə aparırlar. Ancaq onların ən böyük üstünlüyü ingilis klublarının belə sıx qrafikdə oynamağa alışmasıdır”.

Ekspert qeyd edib ki, ilk matçda “Qarabağ” rəqibini evində qəbul etməsinə rəğmən, işi çətin olacaq:
“Ən böyük çətinlik, “Qarabağ”ın ardıcıl oyunlar oynamaq məcburiyyətində olmasıdır. Ən azından son oyunlarda rotasiya etdikləri üçün məğlub olublar. Amma matçın gərgin keçəcəyi bir balaca rəqiblə oyunumuzu bərabərləşdirir. Mən bu matçı “Çelsi” ilə oyunla əlaqələndirərdim. Lakin “Nyukasl” fiziki cəhətdən yaxşıdır və atletik oyuna üstünlük verən bir komandadır. Heyətlərində çox yaxşı futbolçular var. Rəqibimiz pressinq edən və qarşı tərəfi daim təzyiq altında saxlamağa çalışan komandadır”.

Onun sözlərinə görə, Bakıdakı oyunda cinah müdafiəçilərimiz özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar:
“Düşünürəm ki, “Ayntraxt”la oyunda olduğu kimi bu cür hücumlarla biz “Nyukasl”ın müdafiə xəttini keçməyə və qol vurmağa çalışacağıq. Əminəm ki, Bakıda qol şanslarımız olacaq və qol vura biləcəyik. Lakin bizim zəif nöqtələrimiz künc zərbələri və qapıya tərəf cinah ötürmələridir. Onda bir balaca çətinliklə üzləşə bilərik. Hər halda, bizi “Nyukasl”la yaxşı bir oyun gözləyir. Məncə, ən azından Bakıda oynadığımız oyunda azarkeşlərimizin də dəstəyi ilə bərabərə qalmaq ehtimalımız yüksəkdir. Ən pis halda bərabərliyi 50 faiz olaraq dəyərləndirərdim”.

Aslan Kərimov onu əlavə edib ki, “Nyukasl”la səfər oyunu digər matçlardan tamamilə fərqlənəcək:
“Çünki digər rəqiblərlə yalnız bir oyun idi. Yəni cavab oyunu olmadan tək oyunda 3 xal toplamaq tələb olunurdu. Bu mərhələdə isə iki oyunun nəticəsinə əsasən turu keçmək lazımdır. Məncə, Bakıdakı oyunda qol və qollar vurmaq şanslarımız daha çox olacaq. Birinci oyunun nəticəsi bilavasitə ikinci oyuna da təsir edəcək. Yəni burada heç-heçə etsək, cavab oyununda rəqibimizi əks-həmlələrdə yaxalamaq şansımız daha yüksək olar. Məğlub olduğumuz durumda isə səfərdə bir az çətinliklə üzləşə bilərik. O zaman İngiltərədə daha riskli oynamaq məcburiyyətində qalacağıq. Ümumilikdə, turu keçmək şanslarımız var”.

Elmir Mustafa


 

0