ABŞ-yə transfer olan Nəriman Axundzadə kimdir?

İDMAN
11:05 / 11.02.2026
171

Nəriman Axundzadə son günlərdə bütün diqqətləri üzərinə çəkib.

Çünki gənc futbolçu sürpriz şəkildə ABŞ-nin “Kolumbus Kru” klubuna transfer olub. Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Nəriman karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. “Qarabağ”ın bu transferdən 2 milyon dollar qazandığı deyilir.

Bəs Nəriman Axundzadə kimdir?

Hit.az Nəriman Axundzadənin qısa bioqrafiyasını təqdim edir:

Nəriman Axundzadə 23 aprel 2004-cü ildə Bakıda dünyaya gəlib. O, Lənkəranın tanınmış ustası olan usta Nəriman və hərbi polis mayoru Tofiq Mustafayevin nəvəsidir. Gənc futbolçu karyarasına “Xəzər Lənkəran”da başlayıb. Lakin 2013-cü ildə karyerasında dönüş nöqtəsi yaşanıb. Nəriman həmin ildə “Qarabağ” klubuna gedib. O, 2013-2022-ci illər ərzində “Qarabağ”ın ikinci komandasında çıxış edib. Bu müddət ərzində 32 dəfə meydana çıxan gənc futbolçu 9 dəfə qol vurmağı bacarıb.

2022-ci ildən etibarən isə əsas komandada çıxış etməyə başlayıb. İlk dəfə 2022–23 mövsümünün 12-ci turunda “Qarabağ” forması ilə “Şamaxı”ya qarşı meydana çıxıb. Nəriman ilk mövsümündə Premyer Liqada çempionluq sevinci yaşayıb. Onu “Qarabağ” azarkeşlərinə sevdirən qol isə 2023/24 mövsümündə UEFA Avropa Liqasının 1/16 final mərhələsinə təsadüf edir. 

Bakıda keçirilən cavab qarşılaşmasında “Qarabağ” Portuqaliyanın “Braqa” klubunu qəbul edirdi. Həmin matçın 120+2-ci dəqiqəsində qol vurmağı bacaran Axundzadə komandasını 1/8 finala vəsiqə qazanmasını təmin edib. Beləliklə, ümumi hesabda 6:5 qalib gələn “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olaraq tarixə keçib. Bu qoldan sonra qəhrəmana çevrilən Nəriman Axundzadə bütün ölkənin sevgisini qazanıb.

Ümumilikdə isə “Qarabağ” forması ilə Premyer Liqada 84 matça 24 dəfə qol vurub. “Qarabağ”ın “7” nömrəsi komanda ilə 3 dəfə Preymer Liqa, 1 dəfə ölkə kubokunu qazanıb. O, U-19, U-21 və əsas milli komandamızın heyətində toplam 13 dəfə meydana çıxıb.

Hit.az kollektivi olaraq Nəriman Axundzadəyə ABŞ karyerasında uğurlar arzulayırıq!

Elmir Mustafa
 

0