“Nəriman Axundzadə ABŞ-də çox uğurlu olacaq”.
Bu sözləri “CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Nəriman Axundzadə Azərbaycan miqyasında kifayət qədər istedadlı və oyun zəkası olaraq çox yaxşı futbolçudur:
“Sadəcə olaraq, oyun planında ondan faydalı iş əmsalını almaq lazımdır. Nərimanın “Qarabağ”ın son maçlarında oyuna sonradan daxil olmağı və oyunun istənilən formada alınmaması normal haldır. Yəni bu, hər bir futbolçunun başına gələ bilər. Hətta dünya ulduzlarının da başına gəlir.
Məncə, burada məşqçilər korpusunu günahlandırmaq lazımdır ki, oyunçunu düzgün mövqedə oynadıb, ondan maksimum yararlana bilmirlər. Nərimanı çətin anda oyuna buraxmaq istər-istəməz azarkeşlər tərəfindən onun üzərində təzyiq yaradırdı. Bu da onda mental problemlərin yaşanmasına gətirib çıxarırdı”.
Ekspert hesab edir ki, Nəriman Axundzadə ABŞ-də uğurlu olacaq:
“O, futbol İQ-sü və düzgün strategiya ilə Amerikada çox uğurlu olacaq. Nərimanın mental olaraq da rahatlanması baxımından ora getməyi çox yaxşı oldu. Sakit və futbola baxış bucağı fərqli olan bir çempionatda oynayacaq və bu da onun inkişafına gətirib çıxaracaq. Əsas odur ki, zədə və başqa problemlərdən uzaq olsun. Ümumi olaraq Nərimanın karyerasında yüksəlişə keçəcəyini düşünürəm”.
Elçin Cəfərov sözlərini belə yekunlaşdırıb:
“Nəriman Axundzadə hücum fazasının müxtəlif cinahlarında oynaya bilir. Xüsusilə vinger kimi oynama potensialına malikdir. O, sürətli texnikası ilə fərqli nəticələr qazana bilən bir profildir. Ona görə də Nərimanın ABŞ-də parlayacağına və çox önəmli işlərə imza atacağına inanıram”.
Elmir Mustafa



