Dünya ulduzları türk futbolu üçün TƏHLÜKƏDİR?

İDMAN
17:00 / 12.02.2026
167

Son zamanlarda dünyada Türkiyə Super Liqasına maraq artmaqdadır.

Bunun əsas səbəbi isə türk klublarının dünya ulduzlarını transfer etməsidir. Üstəlik, bu transferlər üçün çox yüksək məbləğlər ödənilir. Həm transfer, həm imza pulu, həm də maaşlara baxdıqda hətta fantastik rəqəmləri belə görə bilirik. Qısa zaman ərzində Viktor Osimhen, Leroy Sane, Nqolo Kante, Matteo Gündüzi, El Bilal Ture kimi dünya ulduzlarının İstanbul klublarına getmələri olduqca səs-küyə səbəb olub. Lakin bu transferlər birmənalı qarşılanmır. Azarkeşlər belə ulduz transferlərini sevsələr də, ekspertlər bu addımların çox riskli olduğunu və hətta gələcəkdə türk futboluna zərər verəcəklərini düşünürlər...

Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında bildirib ki, əslində, Türkiyə Super Liqası klublarının potensialı çox böyükdür:


“Yəni çox böyük azarkeş kütləsinə malikdirlər. Məsələn, “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” kimi komandaların 25-30 milyon civarında azarkeşləri var. Üstəlik, onların çox böyük hissəsi aktiv azarkeşlərdir. Onlar komandanın bütün addımlarını izləyirlər. Faktiki olaraq, klubların maliyyə dəstəkçisidirlər. Adıçəkilən klublar da bu geniş auditoriyanın imkanlarından istifadə edərək ayaqda qalırlar”.

Lakin ekspert diqqətə diqqətə çatdırıb ki, ondan düzgün istifadə olunmur:
“Klublar indiyə qədər çox böyük səhvlərə yol veriblər, rəhbərlər bundan sui-istifadə ediblər. Nəticədə, gələn gəlirlər doğru idarə olunmayıb. Bu səbəbdən də həmin klubların borcları çox böyükdür. Əgər onlara dövlətin dəstəyi olmasa, çox pis vəziyyətə düşərlər.

Hazırda “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” risk edərək böyük vəsaitlər qarşılığında dünya ulduzları transfer edirlər. Risk etməkdən başqa çıxış yolu görmürlər. Çünki mövcud maliyyə problemlərini həll etmək üçün uzun illər lazım ola bilər. Hərçənd ki, bu problemləri yavaş-yavaş həll etmək daha doğru olardı. Ancaq İstanbul klubları onlar uzunmüddətli yox, qısamüddətli addımlarla bu problemlərin öhdəsindən gəlməyə çalışırlar. Dünya ulduzlarını gətirməklə azarkeş auditoriyasından maksimum istifadə edərək qısamüddətdə komandanı çətin vəziyyətdən çıxarmaq və tez böyük uğurlar qazanmaq haqqında düşünürlər. Belə transferlərlə həm də Avropada uğur qazanmaq istəyirlər”.

Kənan Məstəliyev hesab edir ki, dünya ulduzlarının transfer edilməsi qarşıdakı 3-5 il ərzində Türkiyə Super Liqasının səviyyəsini və inkişafını artıracaq:
“Lakin bu addım uzunmüddətli perspektivdə komandalara çox böyük zərər vura bilər. Nəzərə almaq lazımdır ki, bu qədər ulduz futbolçu transfer etmək çox riskli addımdır. Çünki burada məsələ təkcə futbolçuların transfer edilməsində deyil. Futbolçuların transferindən sonra yaranacaq borclar və xərclər də artacaq. Ona görə də bu transferlərin sadəcə qısamüddətli Türkiyə Super Liqasına müsbət təsir göstərəcəyini, sonrakı mərhələdə isə çox böyük problemlər yarada biləcəyini düşünürəm. Ümumiyyətlə, bu qədər ulduz transferi doğru deyil. Bu formada riskə getmək yalnız Super Liqaya yox, ümumilikdə Türkiyə futboluna çox böyük zərər vurar”.

Elmir Mustafa

0