Son zamanlarda “Neftçi”nin yüksəlişi sürətlə davam edir.
Yuri Vernidubun təyinatından sonra komandadakı dəyişikliklər artıq bəhrəsini verməyə başlayıb. Paytaxt klubu artıq çox fərqli təsir bağışlayır. “Flaqman” son 5 oyunda 4 qələbə qazanıb. Üstəlik, “ağ-qaralar” 6 oyundur məğlub olmurlar. Onu da əlavə edək ki, “Neftçi” avrokubok hədəfinə də addım-addım irəliləyir. Hazırda onları 3-cü yerdən cəmi 5 xal ayırır...
Futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlamasında bildirib ki, “Neftçi” əvvəlki illə müqayisədə çox fərqli təsir bağışlayır:
“Əslində, “Neftçi” çempionata yaxşı başlamışdı. İntenstiv hücumlar qururdu və pis təsir bağışlamırdı. Yəni rəqiblərinə qarşı kifayət qədər hücumlar edə bilirdi. Ancaq qolların vurulmasında və müdafiədə bəzi problemlər var idi. Yuri Vernidub gəldikdən sonra məhz həmin problemlər aradan qalxıb. Düzdür, yenə səhvlər olur, amma əvvəlki qədər deyil. Ona görə də, “Neftçi”dəki əsas fərqin bu olduğunu düşünürəm”.
Ekspert düşünür ki, “Neftçi” avrokuboklara vəsiqə qazana bilər:
“Paytaxt təmsilçisinin avrokuboklara vəsiqəsi qazanması isə həm də digər komandaların vəziyyətindən asılı olacaq. Həmçinin, bunun üçün “Neftçi”nin də bir qədər güclənməsi və əlavə dəyişiklərin olmasına ehtiyac da var. Lakin reallıq budur ki, “ağ-qaralar”ın Avropa şansı hələ də davam edir. Faktiki olaraq, “Neftçi”nin ardıcıl 2 qələbəsi, rəqiblərinin isə 2 məğlubiyyəti ilə “Flaqman” 3-cü sıraya yüksələ bilər. Hesab edirəm ki, çətin də olsa, “Neftçi”nin avrokuboklara vəsiqə qazanması mümkündür”.
Onun sözlərinə görə, “Neftçi”nin artıq səhv etmək şansı yoxdur:
“Hazırda üst sıralardakı komandaların müəyyən qədər səhv xətası olsa da, “Neftçi”nin belə limiti yoxdur. Çünki hər məğlubiyyət və itirilən bir xal onları bu hədəfdən uzaqlaşdıra bilər. Bəlkə bu, onlar üzərində psixoloji təzyiq də yaradır”.
Elmir Mustafa



