Təşəkkürlər Avropa fatehi “Qarabağ”!

İDMAN
10:37 / 25.02.2026
124

“Qarabağ” üçün tarixi avrokubok mövsümü başa çatdı.

Komandamız Çempionlar Liqasının liqa mərhələsinə yüksələn, liqa mərhələsində qələbə və qələbələr qazanan, eləcə də pley-off mərhələsinə keçən ilk Azərbaycan klubu olaraq tarix yazdı. 

İllər boyunca unudulmayacaq möhtəşəm zəfərlər qazanıldı. “Qarabağ” “Benfika”nı 3-2, “Kopenhagen”i 2-0, “Ayntraxt Frankfurt”u 3-2 hesabı ilə məğlub edərkən, “Çelsi” ilə də 2-2 bərabərə qaldı. Hərçənd ki, “Köhlən atlar”dan kimsə belə nəticələr gözləmirdi. Lakin Qurban Qurbanovun komandası inanılmazı bacardı və tarixi yenidən yazdı.

Buna görə “Qarabağ”a, Qurban Qurbanova və bütün futbolçulara əhsən düşür! Bu komanda haqqında nə qədər xoş söz desək, azdır. Bütün bu tarixi nəticələrə imza atdıqdan sonra böyük hesablı məğlubiyyətlər heç kimin gözünə görünmür. Çünki Ağdam təmsilçisi məğlub olduğu oyunlarda belə əsla ruhdan düşmədi, sona qədər mübarizə apardı. 

Ötən gecə baş tutan “Nyukasl Yunayted” oyunu da buna gözəl nümunə idi. “Qarabağ”ımız ilk oyunun nəticəsinə və rəqibin gücünə əhəmiyyət vermədən aslanlar kimi oynadı. 

“Qarabağ” sözün əsl mənasında özünə yaraşacaq şəkildə Çempionlar Liqasına vida etdi. Hazırda hər bir Azərbaycan vətəndaşı “Qarabağ”la qürur duyur. Bu möhtəşəm mövsümü bizə yaşatdığınız üçün də hər birinizə təşəkkür edirik! Yaxşı ki, varsınız!

Elmir Mustafa

0