"Mançester Yunayted"ə məxsus olan Markus Raşfordun karyerasını "Barselona"da davam etdirmək ehtimalı olduqca yüksəkdir və transferin tam reallaşmasına bir addım qalıb.
Hit.az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti və insayder Nikolo Şira məlumat yayıb.
Hazırda Kataloniya təmsilçisinin heyətində icarə əsasında çıxış edən ingiltərəli futbolçu klubla gələcək əməkdaşlığını dəqiqləşdirib. Məlumata əsasən, tərəflər arasında 2030-cu ilə qədər nəzərdə tutulan şəxsi müqavilənin şərtləri artıq tam razılaşdırılıb.
Bundan əlavə, "Barselona" rəhbərliyi Raşfordun müqaviləsində göstərilən 30 milyon avro dəyərindəki satınalma bəndini aktivləşdirmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Markus Raşford cari mövsümdə "Barselona" forması ilə bütün turnirlər çərçivəsində ümumilikdə 34 qarşılaşmada iştirak edib. O bu oyunlarda rəqib qapılarına 10 qol vurub və 13 məhsuldar ötürmə ilə komandasına fayda verib.


