Son zamanlarda Azərbaycan Premyer Liqasında yüksəlişə keçən komandalardan biri də “Kəpəz”dir.
Gəncə təmsilçisi 22-ci turda “Sumqayıt” üzərində 3-0 hesabı ilə inamlı qələbə qazanıb. Əslində, oyundan öncə hesabın belə olacağı gözlənilmirdi. Hətta bir çoxları “Sumqayıt”ı favorit hesab edirdi. Lakin “Kəpəz” üstün bir oyunla rəqibini darmadağın edərək 3 xalı aldı. Bu nəticə ilə onların liqada qalmaq ümidləri bir qədər də artdı.
Üstəlik, bu yüksəliş meydançada da özünü göstərir. Komandanın oyun, texnika və əzmkarlıq olaraq da dəyişdiyini görmək mümkündür. Hazırda “Kəpəz” 16 xalla 11-ci sırada qərarlaşıb. Ancaq 10-cu sıradakı “Qəbələ” də eyni xala malikdir. Həmçinin, 9-cu sıradakı “İmişli”nin isə 21 xalı var.
Bu isə o deməkdir ki, hələ heç nə bitməyib. Üst sıralarda olduğu kimi aşağı sıralarda gərgin mübarizə gedir. Düzdür, gəncəlilərin qarşısında çox çətin oyunlar var. Buna baxmayaraq, onlar, “Qarabağ” və “Sumqayıt”ı məğlub etməklə potensiallı olduqlarını göstərdilər.
Azarkeşlərinin də dəstəyi ilə “Kəpəz”in toparlanma və liqada qalmaq şansları yüksək qiymətləndirilir...
Elmir Mustafa


