“Bu mövsüm Azərbaycan Premyer Liqasında son illərin ən maraqlı mübarizəsi yaşanır”.
Bu sözləri futbol eksperi Mehman Süleymanov Hit.az-a açıqlamasında deyib.
O, son zamanlarda daxili çempionatdakı keyfiyyətin də yüksəldiyini söyləyib:
“Burada ilk növbədə legioner limitinin ləğvi qeyd olunmalıdır. Çünki artıq baş məşqçilər baş sındırmırlar ki, limitə görə mütləq yerli futbolçuları da oynatmalıdırlar. Yəni bir çox hallarda layiq olmayan futbolçular süni şəkildə limitə görə start heyətdə yer alırdılar. İndi isə elə bir məcburiyyət yoxdur.
Hazırda baş məşqçilər istəsələr, 11 legioner futbolçunu belə meydana buraxa bilərlər. Lakin belə addım demək olar ki, müşahidə olunmur. Əksində, bütün komandalarımızda yerli futbolçular da meydana çıxır. Yəni kim yaxşı performans göstərirsə, o da oynayır. Yaxşı futbolçu üçün limitin olub-olmamasının hər hansısa əhəmiyyəti yoxdur”.
Ekspert diqqətə çatdırıb ki, “Sabah”ın güclənməsi də liqamızın keyfiyyətinə ciddi təsir etdi:
“Burada “Sabah”ı xüsusi qeyd etməliyik. Çünki “Qarabağ”ın son illərdə çempionluq mübarizəsində belə güclü rəqibi olmamışdı. Üstəlik, “Sabah” heyətini çox gücləndirib. Komanda çox səviyyəli və keyfiyyətli legionerlər transfer edəndən sonra Ağdam klubuna ciddi çətinlik yaradır. Əslində, “Sabah”ın hazırda da lider olması və “Qarabağ”a məğlub olmaması da təsadüf deyil”.
Mehman Süleymanov ötən tur böyük marağa səbəb olan “Qarabağ” – “Sabah” matçından da danışıb:
“Həmin matçda 10 mindən çox azarkeş var idi. Üstəlik, “Qarabağ” – “Sabah” matç həm azarkeş marağına, həm də meydandakı oyuna görə avrokubok maçlarından geri qalmırdı. Nəticədə, çox maraqlı mübarizənin şahidi olduq. Düşünürəm ki, “Qarabağ”ın ən böyük üstünlüyü təcrübəsidir. Lakin indiki məqamda hər şey “Sabah”ın əlindədir. Yəni paytaxt klubu qalan son dövrədə bütün oyunlarında qalib gəlsə, çempion olacaq. Hətta biz kubokda da “Sabah” – “Qarabağ” rəqabətini izləyə bilərik. Bu isə o deməkdir ki, tərəflərin mövsüm sonuna kimi daha 3 dəfə qarşılaşmaq ehtimalı var. Biz arzulayırıq ki, liqamızda belə komandalar çox olsun ki, hər çempionat maçında o ab-havanı hiss edək”.
Elmir Mustafa



