“Qalatasaray” – “Liverpul”: Gözləntilər nələrdir?

İDMAN
16:00 / 10.03.2026
158

Bu axşam Türkiyə təmsilçisi “Qalatasaray” Çempionlar Liqasında növbəti matçına çıxacaq.

İstanbul klubu 1/8 final mərhələsində İngiltərə nəhəngi “Liverpul”la qarşılaşacaq. Maraqla gözlənilən matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Azarkşelər “Cim-Bom”un bu mövsüm ikinci dəfə “Liverpul”u məğlub etməsini gözləyirlər. Ekspertlər isə bu dəfə İstanbul təmsilçisinin işinin çətin olduğunu deyirlər.

Ümumiyyətlə, “Qalatasaray” – “Liverpul” matçından gözləntilər nələrdir?

Futbol eksperti Aslan Kərimova Hit.az-a açıqlamasında bildirib ki, İstanbulda keçiriləcək oyun olduqca maraqlı olacaq:


“Düşünürəm ki, oyunun taleyini Viktor Osimhenin performansı həll edə bilər. Çünki onun yaxşı oynadığı matçlarda “Qalatasaray” qələbə qazanır. Osimhenin yoxluğunda isə “Cim-Bom”un qələbə qazanmaq və hətta qol vurmaq şansları xeyli azalır. “Liverpul” isə bu dəfə liqa mərhələsində “Qalatasaray”a qarşı oynadığından fərqli oynayacaq. Bu, həmin oyundan tam fərqli bir oyundur. Nəzərə almaq lazımdır ki, İngiltərə təmsilçisi liqa mərhələsində qrupdan çıxacağına əmin idi və daxili çempionat oyunlarında da vəziyyətləri o qədər də yaxşı deyildi”.

Ekspertin sözlərinə görə, bərabərlik “Qalatasaray” üçün yaxşı nəticə sayıla bilər:
“Lakin ümumilikdə turu keçəcəkləri bir az şübhə doğurur. İstabul klubu turu keçmək üçün evində çox qol vurmalı və qapısınə toxunulmaz saxlamalıdır. Bu isə “Liverpul”la oyunda çox çətindir. Üstəlik, rəqib istədiyi vaxtı qol vurmağı bacarır. Ümumi olaraq, “Liverpul”un bu mərhələni keçə bilməyəcəyini zənn etmirəm. Düzdür, futbolda hər şey baş verə bilər, amma bu ehtimal hələlik inandırıcı gəlmir”.

Elmir Mustafa
 

0