“Mançester Siti” geridönüş edə biləcək?

İDMAN
16:00 / 17.03.2026
126

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.

Gecənin ən maraqla gözlənilən matçlarından biri İngiltərədə oynanılacaq. Belə ki, “Mançester Siti” İspaniya nəhəngi “Real Madrid”i qəbul edəcək. Madirddə keçirilən matç “Kral klubu”nun 3-0 hesablı üstünlüyü ilə başa çatsa da, ingilislərin geridönüş edəcəyini düşünənlərin sayı kifayət qədər yüksəkdir. Elə bu da oyundan gözləntiləri artırır...

Maraqlıdır, “Mançester Siti” geridönüş edə biləcəkmi?

Futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlamasında bildirib ki, birinci oyunun nəticəsi futbol ictimaiyyəti üçün üçün gözlənilməz oldu:


“Çünki kimsə “Mançester Siti”nin belə böyük hesabla məğlubiyyətini gözləmirdi. Üstəlik, həmin matçda “Real Madrid” bir penalti zərbəsindən də yararlana bilmədi. Lakin hesab 4-0 olsaydı, artıq turun taleyi bəlli olacaqdı. Məncə, “Mançester Siti”nin “Real Madrid” kimi təcrübəli komandaya minimum 4 qol vurması çox çətin olardı”.

Lakin onun sözlərinə görə 3-0 hesabından geridönüş etmək olar:
“Bunun üçün həddindən artıq böyük konsentrasiya ilə oynamaq lazımdır. Nəzəri baxımdan bu mümkündür, amma məncə, çox çətin olacaq. Hesab edirəm ki, “Mançester Siti” ya qalib gələcək, ya da oyun bərabərliklə başa çatacaq. “Real Madrid” o qədər gözəl oyun nümayiş etdirməyə bilər, ancaq bu turu keçməkdən ötrü ingilis klubunun işi çox çətin olacaq. Üstəlik, Mançester təmsilçisinin daxili çempionatda da işləri yaxşı getmir. Bəlkə də baş məşqçi Pep Quardiola öz oyun üslubuna uyğun oyunçuları tapa bilməyib və ya digər komandalar daha böyük qüvvə ilə güclənməyi bacarıblar”.

Mütəxəssis diqqətə çatdırıb ki, “Real” əvvəlki gücündə olmasa da, nəticə əldə edəcək oyunçulara malikdir:
“Elə Valverdenin üç qolu nəyə desən dəyər. Rəqib komandada isə belə bir oyunçu yoxdur. Hətta Hollanda, Silva və Rodri də öz performanslarından çox uzaqdadırlar. Əslində, bu üç futbolçunun zəifləməsi komandaya birbaşa təsir edib. Bütün bunları nəzərə alaraq, “Real Madrid”in növbəti mərhələyə yüksələcəyini düşünürəm”.

Elmir Mustafa
 

0